“DALĞA”nın YENİ SƏDRİ ORXAN NƏBİYEV: “DALĞA”çılıq BİR İDEOLOGİYADIR”

“Dalğa” Gənclər Hərəkatının yeni sədri Orxan Nəbiyev “Media forum” saytının suallarını cavablandırıb.Fevralın 12-də keçirilən qurultaydasədrseçilən Orxan Nəbiyev 1989-cu ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. 2008-ci ildən “Dalğa” Gənclər Hərəkatınınüzvüdür. Hərəkatın beynəlxalq əlaqələr koordinatoru olub.

- “Dalğa”da rəhbərlik yeniləndı. Yeni layihələr də nəzərdə tutulurmu?

- 2005-ci ildə “Dalğa” Gənclər Hərəkatı yarananda əsas məqsədlərdən biri təhsil məsələlərinə diqqət ayrılması olub. 2011-ci il üçün ilk layihəmizin təhsildə rüşvətlə bağlı olmasını nəzərdə tuturuq. Hazırlıqlar görülür. “Mənim təhsilim - mənim gələcəyim” adlı layihənin başlanması gözlənir. Bu layihə əsasında bizimlə həmrəy olan, bizim kimi düşünən gənclər təşkilatları, qeyri-hökumət təşkilatları ilə birgə tədbirlər həyata keçirməyi planlaşdırırıq. Bu kampaniyaya dəstək olsun deyə hansısa deputatla, yaxud ictimai-siyasi xadimlə də əməkdaşlıq etməyi düşünürük.

- Dəstək üçün kiməsə müraciət eləmisinizmi?

- Hələ müraciət olunmayıb. Çünki qurultayın ikinci hissəsi fevralın 14-də bitdi. Biz “Dalğa”nın İdarə Heyətini də formalaşdırdıq. Yalnız indi layihələrlə bağlı işə başlamaq olar. Kampaniyanı uğurla həyata keçirmək üçün məsul şəxs müəyyənləşdiriləcək. Martın 1-dən kampaniyaya start vermək istəyirik. Əvvəl mətbuat konfransı keçiriləcək və “Mənim təhsilim - mənim gələcəyim” kampaniyasına dəstəkçi komandanın yığılmasına dair elan veriləcək.

- İdarə Heyətində kimlər var?

- İdarə Heyətinə istimai əlaqələr üzrə koordinator Azər Aydın, beynəlxalq məsələlər üzrə koordinator Nərmin Məmmədova, təşkilati məsələlər üzrə koordinator Oruc Rəfili, media məsələləri üzrə koordinator Saleh Mehdizadə, Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvləri Ağarəhim Poladov, Kamran Pənahlı və Aqil Camal seçiliblər.

- Bu və ya digər layihələrin maliyyəsi haradan olacaq?

- Nəzərdə tutmuşuq ki, öz ideyalarımızı fondlara, donor təşkilatlara layihə formasında təqdim edək. Eyni zamanda fond-reyzinq keçirilməsini fikirləşirik. Əgər kimsə təhsillə bağli layihəmizə maliyyə yardımı göstərmək istəyirsə, buyurub edə bilər.

- “Dalğa” hər vaxt keçirdiyi aksiyaların orijinallığı ilə seçilib. Bu cür aksiya formaları saxlanılacaqmı?

- Saxlanılacaq. “Dalğa”nın xüsusi günləri var ki, həmin günləri bu formada qeyd edirik. Eyni zamanda Azərbaycan cəmiyyətində baş verən proseslərə, bizim reaksiyamız olacaq. Əsas məqsəd gənclərin hüquqlarının pozulmasına öz münasibətimizi açıqlamaqdır. Bu bizim əsas prinsipimizdir və biz öz prinsiplərimizə sadiq olaraq qalacağıq. Aksiyaları maksimum pozitiv ruhda, heç bir qıcıq yaratmadan səhnələşdirmiş - fləşmob şəklində keçirməkdə davam edəcəyik. Biz öz üslübümüzdan heç vaxt əl çəkməyəcəyik.

- “Dalğa”nın ofisi yoxdur. Bu problem necə həll olunacaq?

- Ofis probleminin həllinə çalışırıq. Əsas problem təşkilata olan təzyiqlərlə bağlıdır. Hiss olunsa ki, təzyiqlər səngiyib, eyni zamanda maliyyə problemlərimiz qismən aradan qalxıb, ofis götürə bilərik.

- Əvvəllər “Dalğa”nın internet saytı vardı. Amma hazırda o sayt fəaliyyətsizdir. “Dalğa”nın yeni saytı olacaqmı?

- Hazırda həmin sayt üzərində bərpa işləri gedir. Çox güman ki, bir həftə sonra fəaliyyətə başlayacaq.

- Hərəkatın Lənkəranda, Mingəçevirdə ofisləri vardı. Deyəsən, sonradan müəyyən problemlərə görə bu ofislərin fəaliyyəti dayandırıldı. “Dalğa” Bakıda mərkəzləşdirilmiş formada fəaliyyət göstərəcək, yoxsa regionlara çıxmaq fikriniz var?

- Hələ 2006, 2007-ci illərdə biz regionlara çıxmağa başladıq. Həmin vaxt bizdə könüllülər layihəsi vardı və regionlarda xeyli iş görülmüşdü. Zaqatala, Gəncə, Mingəçevir, Lənkəranda bu layihəni gerçəkləşdirmişdik.

2008-ci ildə Lənkərandakı ofisdə Demokratiya Məktəbini keçirirdik. Gəncləri, ictimai xadimləri ofisə aparıb müxtəlif görüşlər təşkil etmişdik. Sonradan Lənkənar Universitetinin tələbəsi, eyni zamanda ofisin rəhbəri Pərviz Əzimov ali məktəbdən qovuldu və ofisin fəaliyyətinə qadağa qoyuldu.

Hazırda həmin ofisin fəaliyyətini yenidən bərpa eləməyi planlaşdırırıq. Sadəcə bizə bir qədər maliyyə dəstəyi lazımdır. Bizim digər regionlarda da dəstəkçilərimiz var. Böyük layihələr həyata keçirilən zaman onların fəaliyyəti canlanır.

- Hərəkatın üzvlərinin artması istiqamtində hansı işləri görməyi planlaşdırısınız?

- Bizim təşkilat hərəkat formasndadır. Bizdə hər hansı planlaşdırma, yaxud hazır vərəq nəzərdə tutulmayıb. “Dalğa”ya hər gün yeni gənclər gəlir, yaxud bizim fəal üzvlərimiz hazırda xaricdə öz təhsillərini davam etdirirlər. Biz nə əvvəlkilərə, nə də təzə gələnlərə deyə bilmərik ki, sən “Dalğa”çı olmusan, yaxud sən artıq “Dalğaçı”san. “Dalğa”çılıq bir ideologiyadır, hər bir insan “Dalğa”çı ola bilməz. “Dalğa”çılıq hər bir insanın, hər bir gəncin qəlbindən irəli gəlməlidir. Ona görə də qərara gəldik ki, hərəkata üzvlük məsələsini bir qədər məhdudlaşdıraq. Hərəkatın nəzdində Demokratiya Məktəbi var. Hərəkata üzv olmaq istəyən hər bir gənc gərək əvvəl bu məktəbdən keçsin. Bizim üçün əsas kəmiyyət deyil, keyfiyyətdir.