ATRİBUTLAR

 

Dalğa Gənclər Hərəkətanın Əsasnaməsinin 4-cü bəndinə əsasən;

"4. Rəsmi təqdimat atributları: Dalğa GH öz özəlliyini və ideoloji baxışını ehtiva etmək üçün rəsmi atributlara sahibdir. Bu atributlar Geniş Toplantı tərəfindən müəyyən olunur. Hərəkatın rəsmi atributları kimi devizi, emblemi, himni, görüş forması, bayrağı, andı, web səhifəsi və bloqu vardır. Bunlarla yanaşı Geniş Toplantı hərəkat üzvlərinin sinerjisi və maarifləndirilməsi üçün simvolik gün, simvolik rənglər, simvolik canlı, simvolik meyvə, simvolik filmlər, nümunəvi şəxsiyyətlər, simvolik kitablar, simvolik musiqilər və simvolik marşlar müəyyənləşdirə bilər".

Dalğa GH-nın rəsmi atributları və simvolikaları (deviz, emblem, görüş forması, bayraq, himn, and, simvolik canlı, simvolik meyvə, simvolik gün, simvolik rənglər, simvolik filmlər, nümunəvi şəxsiyyətlər, simvolik kitablar, simvolik musiqilər, simvolik marşlar, rəsmi web səhifə, rəsmi bloq və rəsmi elektron poçtlar (e-mail)):

 

Dalğa Gənclər Hərəkatının simvolik rəngləri - Qırmızı göy


QIRMIZI rəng - dönməzlik!
GÖY rəng - sivillik!

 

Dalğa Gənclər Hərəkatı (Dalğa GH) qırmızı rənglə öz prinspiləri uğrunda dönməz olacağını, göy rənglə isə prinsipləri uğrunda yalnız sivil metodlarla fəaliyyət göstərəcəyinin mesajını verir.

 




Dalğa Gənclər Hərəkatının simvolik heyvanı - Delfin

DELFİN - Humanizm və Qayğı simvolu!

Delfinlər ayrı-ayrılıqda, fərd kimi də yaşaya bilirlər. Lakin təbiətin yaratdığı çətinliklər ilə bacarmaq və yetərincə müdafiə olunmaq üçün təşkilatlanmış şəkilində yaşayırlar.
Bundan əlavə ov zamanı, təhlükə zamanı, əyləncə zamanı birlikdə olurlar. Delfinlərə bəzən dənizin insanı deyirlər. Delfin əqli cəhətdən insana ən yaxın heyvandır. Delfinlər heç vaxt digər delfinlər təhlükə ilə üz-üzə qaldıqda onları tənha buraxmırlar. Delfinlər çox cəsarətlidirlər, özündən daha güclü və böyük köpək balığı ilə belə döyüşürlər, yetərincə fədakarlıqları ilə seçilirlər. Tarixdə delfinin bir neçə dəfə insanları suda boğulmaqdan xilas edib, sahilə çıxarmaları haqda faktlar da var. Biz Dalğa Gənclər Hərəkatı (Dalğa GH) olaraq məhz bu cəhətlərə görə delfini hərəkatımızın simvolik heyvanı kimi seçdik.


 

 

Dalğa Gənclər Hərəkatının simvolik meyvəsi - ALMA



ALMA - sağlam gələcək!

Alma heç bir zərəri olmayan faydalı meyvədir. Dalğa Gənclər Hərəkatının (Dalğa GH) əsas məqsədi sağlam və xoşbəxt gələcək qurmaqdır. Bunun üçün insanları zərərli vərdişlərdən və insanlığa zidd düşüncələrdən qoruyaraq yeni nəslin formalaşması əsas şərtdir.

 

 

Dalğa Gənclər Hərəkatının devizləri:

Azad fərd!
Məsuliyyətli vətəndaş!
Bütöv xalq şüuru!

 

Azad fərd:
Cəmiyyətin azadlığı fərdlərin azadlığından keçir. Biz insan mərkəzçilik prinsipindən çıxış edərək hər şeyin insana xidmət etməsinin tərəfdarıyıq. Heç bir qüvvə fərdin azadlığını və xoşbəxtliyini onun yerinə müəyyənləşdirə bilməz. Azad fərd öz taleyini seçmək haqqına sahib olmalıdır. Yalnız insanlığa xidmət üçün qəbul edilmiş qanunlar fərdin azadlığının sərhədləri ola bilər. Azad fərdin düzgün qərar verməsi üçün çoxhəqiqətliliyin və alternativlərin olması vacibdir. Danılmazdır ki, azad seçimə malik fərd şəxsiyyət ola bilər. İnsanın özünüifadə formasını düzgün seçməsi onun bütöv şəxsiyyət kimi formalaşmasından asılıdır. Biz hər bir fərdin şəxsiyyət ola bilmə gücünə inanırıq və bunun üçün azadlığı əsas şərt hesab edirik.

Məsuliyyətli vətəndaş:
Cəmiyyətin inkişafına, dolaysı ilə insanın xoşbəxtliyinə xidmət edən elementləri formalaşdırmaq və artırmaq məsuliyyətli vətəndaşın əsas vəzifəsidir. Biz insanın rahat olma təşəbbüsünə inanırıq. Rahatlığa can atan azad fərd üçün ən böyük dəstək məsuliyyətli vətəndaş tərəfindən edilir. Nəzərə almalıyıq ki, fürsətlərin bərabər olduğu cəmiyyətdə fərasətsizlərin dəstəyə ehtiyacı var. Təbii ki, təbiətin fərasətsiz etdiyi və ya fiziki qüsurlu vətəndaşların dəstəyə olan ehtiyacından bəhs edirik. Belə olan təqdirdə, həm fürsətlər bərabərliyi, həm də hüququn aliliyi prinsipi bütün vətəndaşların xoşbəxtliyinə xidmət etməlidir. Məsuliyyətli vətəndaş nə məzlum, nə də zalim ola bilməz. Məsuliyyətli vətəndaşlar cəmiyyəti inistutlaşdıraraq, dövlət üzərində nəzarətini formalaşdırır.

Bütöv xalq şüuru:
Azad fərd və məsuliyyətli vətəndaşlardan formalaşan cəmiyyət, təbiətin insana bəxş etdiyi haqlar var olduqca xoşbəxtlik ola bilər. Biz insanların doğuşdan qazandığı təməl haqq və azadlıqlarını birlikdə qorumaq sərbəstliyinə inanırıq. Hər hansı bir xarici və ya daxili qüvvə, həmçinin idealogiya insanların təməl haqlarına müdaxilə etdiyi zaman, bütöv xalq şüurunun formalaşıb, öz müqəddaratını həll edə bilər. İnsanlar sərbəst toplaşmaq və birlikdə hərəkət etmək hüquqlarından yalnız müqəddaratlarını dəyişdirmək üçün istifadə etdikdə, bu bütöv xalq şüurunun formalaşdığının nəticəsi sayıla bilər. Hər hansı bir toplum təhlükə ilə üz – üzə qalarsa, həmrəylik göstərərək özünü müdafiə edə bilər. Biz azad fərdlər və məsuliyyətli vətəndaşlar olaraq ümumbəşəri dəyərlər ətrafında bütöv xalq şüurunun formalaşdırılmasının tərəfdarıyıq.





Dalğa Gənclər Hərəkatı üzvlərinin görüş forması:



GÖRÜŞ – mütləq azadlığa salam olsun!

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) görüş forması sağ və ya sol əlinin arxasını nümayiş etdirməkdir.
Bu alacağım və verəcəyim heçnə yoxdur deməkdir. Bununla biz itaətə və himayəyə yox deyir, insanların özünə inamının tərəfdarıyıq. Biz insanın mütləq varlıq olduğunu, yalnız insanların iradəsi ilə formalaşmış qanunlara tabe olmasını qəbul edirik.

 

 



Dalğa Gənclər Hərəkatının Emblemi:





Dalğa Gənclər Hərəkatının (Dalğa GH) emblemi iç-içə olan iki açıq bucaqlı üçbucaqdan ibarətdir. Bu Azad fərd və Azad cəmiyyəti bildirir. Bucaqları birləşməyən böyük üçbucaq Azad Cəmiyyət, onun içində olan bucaqları birləşməyən kiçik üçbucaq isə Azad Fərd deməkdir. Emblemin üç rəngdən ibarət olması müxtəlif fikirliliyi, üçbucağı əmələ gətirən standartın olmaması qəlibin inkarı, üçbucağın bərabər tərəfli olması isə fürsət bərabərliyi mənasını verir. Emblemin üçbucaq olması bucaqlarının cəminin 180 dərəcə olmasıdır. Bu qurulacaq cəmiyyətin əvvəlki vəziyyətinə qayıtmamaq şərti ilə, 180 dərəcə dəyişməsi anlamına gəlir.

 



Dalğa Gənclər Hərəkatının Bayrağı:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) bayrağı qırmızı, göy rənglərdən və ağ fonda hərəkatın simvolik meyvəsi üzərində yerləşən loqodan ibarətdir. Bayrağın böyük qismi qırmızı rəngdən, hərəkatın simvolik meyvəsi olan "alma"nın yarpağı isə qırmızı rəngin üzərində göy rəngədən ibarətdir. Qırmızı və göy hərəkatın simvolik rəngləridir. Müvafiq olaraq dönməzlik və sivillik anlamı daşıyır.
Bayrağın ölçüləri 1,5x1 nisbətindədir








Dalğa Gənclər Hərəkatının simvolik günü – 1 avqust


1 AVQUST – Yaradıcılıq və İşgüzarlıq günü!

Biz insanın azad yaradıcılıq və işgüzarlıqla uğur qazanacağına inanırıq. Dalğa Gənclər Hərəkatı (Dalğa GH) üzvlərinin yaradıcılığına böyük əhəmiyyət verir. Fərdin özünüifadə zamanı cəsarətli və uğurlu olması üçün həmfikirlərinin dəstəyi önəmlidir.
1 avqust günü Dalğa GH rəhbərliyi üzvlərinin yaradıciliğının təqdimatını təşkil edir.

 

 

Dalğa Gənclər Hərəkatının Himni:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) himninin sözləri publisist, şair Zahir Əzəmətə (Rəhimov) musiqisi isə "Ozan" Rock Qrupuna (Nurlan Ozan) məxsusdur.
Dalğa GH-nin himni rock musiqi janrında bəstələnib və 2009-ci ilin yanvar ayının 24-də hərəkatın Geniş Toplantısı tərəfindən təsdiqlənib.

Dalğa GH-nin himninin sözləri:

Qəlbimizdə atəş yanır
Etiraz var dilimizdə
Yorğun üzlər gülümsəsin
Sabah bizim əlimizdə

Qoca Şərqə mayak olsun
Bizim gənclər tələbələr
Sevgimizlə silahlanaq
Bizim olsun qələbələr

Elə bu gün, elə indi
Qaranlığı yara-yara
Yıxaq bütün qorxuları
İşıqlanaq DALĞA-DALĞA

Gözəl aydın gələcəyə
Sağlam, azad cəmiyyətə
Ədalətə, həqiqətə
İnsanlığa salam olsun!

Yox deyirik köhnəliyə
Qəliblərə, yasaqlara
Sevgi dolu səhər olaq
Yaxınlara uzaqlara

Yıxaq bütün divarları
Günəş doğsun evimizə
Dənizləri yarıb keçən
DALĞA desin hamı bizə


 

Dalğa Gənclər Hərəkatının Andı:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) andı 18 iyun 2011-ci ildə Hərəkatın Geniş Toplantısı tərəfindən qəbul edilib və ilk dəfə 24 iyun 2011-ci ildə Azərbaycan Respublikasının eks Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı önündə cəmiyyətə təqdim edilib. Dalğa GH-nin hər bir üzvü Nizamnamə, Əsasnamə, Bəyannamə, Hərəkatın konsepsiyaları və simvolları ilə yanaşı andın sözləri ilə də tanış olmalıdır.

Dalğa GH-nin Andının sözləri:

Məzlumların haqları uğrunda zalimlərin zülmünə qarşı olacağımıza...

İnsanların xoşbəxtliyi üçün təməl azadlıqların keşikçisi olacağımıza...

İnsanın ən böyük dəyər olması naminə bütləri yıxacağımıza...

Sağlam, ədalətli və aydın gələcək üçün həqiqəti ifadə edəcəyimizə...

Dalğa Gənclər Hərəkatının prinsiplərinə sadiq olacağımıza....

İnsan kimi yaşamaq üçün sadə, dözümlü, sivil, səmimi, demokrat, maarifçi, yaradıcı, cəsarətli və azadlığın dostu olacağımıza...

AND İÇİRİK!




Simvolik kitablar


Demokratiya: gediləsi uzun bir yol (Hikmət Hacızadə)

Əli və Nino (Qurban Səid) - Yüklə

Hophopnamə (Mirzə Ələkbər Sabir)

Dönməzlik (Teyyub Qurban)







Simvolik musiqilər


Ozan - Dalğa Gənclər Hərəkatının himni
- (Yüklə)

Qara Dərviş - Dalğa - (Yüklə)

Queen - The Show Must Go On - (Yüklə)

Firudin Allahverdi - Rüşvətxor müəllim - (Yüklə)

Nümunəvi Şəxsiyyətlər


Həsən Bəy Zərdabi _______Məhəmməd Əmin Rəsulzadə________Əbulfəz Elçibəy------------- ----Mahatma Qandi

 


Dalğa Gənclər Hərəkatının rəsmi web-səhifəsı və bloqu:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) adından yaradılan bloqlar, saytlar, elektron poçtlar və digər yayım resurları hərəkatın rəsmi bloqu, rəsmi saytı və ya rəsmi elektoron poçtu tərəfindən təsdiqlənmədən etibarlı hesab edilə bilməz.
Əgər hər hansı bir texniki problem nəticəsində Hərəkatın rəsmi bloq, rəsmi sayt və ya rəsmi elektron poçt ünvanın fəaliyyətində qüsurlar üzə çıxarsa, İdarə Heyəti və ya sədr cəmiyyətə dərhal açıqlama verməlidir.

Dalğa GH-nın rəsmi səhifəsi (web-site): www.dgh.az

Dalğa GH-nın rəsmi bloqu (weblog): www.dalga-gh.blogspot.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail): dalga_telebe@yahoo.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail): dalga.ym@yahoo.com