Dalğa Gənclər Hərəkatı 
Hesabat  / 2006

• 1 – 30 yanvar 2006 ci ildə Bakı şəhərində yerləşən 5 ali məktəbdə Dalğa GH-nin üzvləri qış imtahanlarının monitorinqini həyata keçirib.

• 6 yanvar 2006-cı ildə Dalğa GH-nin sədri Ranim Hacılı və Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Elvin Kazımlı təhsil naziri Misir Mərdanovla görüşərək, Azərbaycan təhsilinin inkişafi üçün hərəkatın hazırladığı təklifləri nazirə təqdim ediblər. Təkliflər ətrafinda müzakirə aparılıb və təhsilin inkişafı üçün əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib.

• 12 fevral 2006-cı ildə “Half Way İnn” restoranında Dalğa GH-nin yaranış günü (1 illiyi) qeyd olunub. Tədbirdə ictimai – siyasi xadimlər, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri və hərəkat üzvləri iştirak edib. Hərəkatın 1 illik fəaliyyətini əks etdirən hesabat iştirakçılara təqdim edilib və Dalğa GH barəsində film nümayiş etdirilib. Daha sonra tədbirdə hərəkatın üzvləri olan “Yeni uduz - 2” musiqi yarışmasının qalibi Rəcəb Musayev və “Sing Your Song” müsabiqəsinin qalibi Sima Qasımovanının konserti təşkil olunub.

•      23 fevral 2006-cı il Açıq Cəmiyyət İnstitutunun (SOROS) «İSR PLAZA» otelində təşkil etdiyi tədbirdə Dalğa GH-nin sədri Ramin Hacılı “Təhsildə rüşvətə qarşı necə mübarizə aparılmalı?” mövzusunda məruzə edib.

•      26 fevral 2006-cı ildə Alman-Azərbaycan  Mədəniyyət  evində (“Kopellhouse”) Dalğa GH Xocalı soyqırımı ilə bağlı tədbir təşkil edib. Tədbirdən sonra isə “Niyə susuruq?”  devizi ilə Baki şəhərinin mərkəzində aksiya teshkil olunub. Aksiyada əcnəbi vətəndaşlara Xocalı soyqırımını özündə ehtiva etdirən fotolar paylanıb.

 •      17 aprel 2006-cı ildə Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədi ilə 22 apreldə “Qələbə” kinoteatrının qarşısındakı meydanda mitinqin təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.

•      18 aprel 2006-cı ildə müəllimlərin əmək haqlarının artırılması üçün  Azərbaycan Respublikası Prezidentinə müraciət edilib.

•      20 aprel 2006-cı ildə Bakı Şəhəri İcra Hakimiyyəti heç bir əsas gətirmədən mitinqə icazə verməyib və Hərəkatın rəhbərliyi Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıb. İdarədə onlara icazəsiz mitinqin keçirilməməsi üçün xəbərdarlıq edilib.

•      24 aprel 2006-cı ildə Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədi ilə 29 apreldə “Qələbə” kinoteatrının qarşısındakı meydanda mitinqin təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Xəbərdarlıq məktubunda mitinqin ssenarisi də əksini tapıb.

•      24 aprel 2006-cı ildə “Təhsildə rüşvətsiz  1 il” kampaniyası çərçivəsində mətbuatin iştirakı ilə tədbir keçirilib. Tədbirdə rüşvət almayan ve tələbələr tərəfindən ən çox sevilən 18 müəllimin adı ictimaiyyətə açıqlanıb. Hemin müəllimlərin adları 5000 tələbə arasında keçirilən sorğu əsasında müəyyənləşdirilib.

 •      26 aprel 2006-cı ildə  rüşvətin və təhsilin səviyyəsinə görə ali məktəblərin və fakultələrin reytinq cədvəli Dalğa GH tərəfindən açıqlanıb.

•      28 aprel 2006-cı ildə Bakı şəhəri İcra Hakimiyyəti heç bir əsas gətirmədən mitinqə icazə verməyib və Hərəkatın rəhbərliyi Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıb. İdarədə onlara icazəsiz mitinqin keçirilməməsi üçün xəbərdarlıq edilib.

 

•   30 aprel – 10 may 2006-cı ildə Amerika Hüquqşunaslar Assosiasiyası (ABACELLI) ilə Dalğa GH arasında əməkdaşlığın davamı kimi kiçik layihə üçün 200 ABŞ dolları həcmində məbləğ ayrılıb. Həmin vəsait hesabına Dalğa GH 500 ədəd “Rüşvətsiz təhsil” yapışqanları çap edib.

 

•      3  may 2006-ci ildə Dalga GH- nin fəalları metrolara və insanların sıx cəmləşdiyi  yerlərə “Rüşvətsiz təhsil” yapışqanları vurub.

•      6 may 2006-cı ildə Demokratiya ( Sahil ) bağında Dalğa GH-nin bir qrup üzvü simvolik aksiya keçirib. Aksiya zamanı üzərində «Rüşvət öldü» yazılmış tabut insanların gur olduğu yerə qoyulub və üzərinə güllər düzülüb. Bununla cəmiyyətə «rüşvəti öldürmək» təklif olunub. Aksiyanın sonunda üç nəfər hərəkatçı polis tərəfindən saxlanılsa da, 1 saat sonra sərbəst buraxılıb.

•      10 may 2006-cı ildə Dalğa GH Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov barəsində məhkəməyə şikayət ərizəsi göndərib. Ərizədə Hərəkatın mitinq keçirməklə bağlı BŞİH-nə ünvanladığı xəbərdarlıq məktubuna heç bir əsas gətirilmədən icazə verilməməsi, bununla da sərbəst toplaşma azadlığı haqqında qanunun pozulması, həmçinin vəzifə səlahiyyətlərindən sui istifadə edilməsi öz əksini tapıb.

•      13 may 2006-cı ildə Dalğa GH-nin Geniş Toplantısı (GT) keçirilib, toplantıda Qadınlarla İş üzrə Komitə yaradılıb və rəhbəri Əsmər Ramazanova seçilib. Toplantıda həmçinin qərara alınıb ki, “Təhsil haqqında” yeni qanun layihəsinin hazırlanmasında və ictimai müzakirəsində aktiv iştirak etmək üçün təkliflər paketi hazırlanaraq, parlamentə təqdim edilsin. Bu istiqamətdə işləyəcək xüsusi komissiya təsis edilib.

•      17 may 2006-cı ildə Norveç Krallığının Konstitusiya günü ilə bağlı Norveçin Azerbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə Dalğa GH-nin sədri Ramin Hacılı iştirak edib.

•      20 may 2006-ci ildə Dalğa GH-nin rəsmi “yahoo group”u fəaliyyətə başlayıb:
dalga-gh@yahoogroups.com

•      26 may 2006-cı ildə hərəkatın tələbələr arasında keçirdiyi sorğu nəticəsində adları  rüşvətdə hallanan 42 müəllimin siyahısı tərtib edilib və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə araşdırılması üçün göndərilib.

•      28 may 2006-cı ildə Dalğa GH ölkəmizdə fəaliyyət göstərən digər gənclər təşkilatları ilə birlikdə Respublika Günü münasibəti ilə Azərbaycan Xalq Cumhuriyyətinin lideri M. Ə. Rəsulzadənin Bakınınn Novxanı kəndində ucaldılmış heykəlini ziyarət edib və həmin məkanda tədbir keçirib.

•      31 may 2006-cı ildə Norveçin hakim partiyasının gənclər təşkilatının  Azərbaycanda səfərdə olan  nümayəndələri  ilə Dalğa GH-nin üzvləri görüşüb. Görüşdə Azərbaycanda gənclər sektorunun inkişafı, demokratiya inkişafı və insan haqlarının qorunması istiqamətində əməkdaşlıq barəsində ilkin razılıq əldə edilib.

•      26 iyun 2006-cı ilə millət vəkili və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə görüş keçirilib. Görüşdə dünyada gedən proseslər və Azərbaycanın gənclərinin inkişafı, həmçinin ölkəmizin gələcəyi üçün Azərbaycan gəncliyinin əhəmiyyəti mövzusunda fikir mübadiləsi aparılıb.

•      26 iyun 2006-cı ildə İran höküməti tərəfindən öldürülən Güney Azərbaycanda haqları uğrunda mübarizəyə qalxan yüzlərlə Azərbaycan türklərinin ruhunu yad etmək üçün Dalğa GH-nin üzvləri Şəhidlər Xiyabanına gedərək, anım mərasimi keçirib.

•      28 iyun 2006-cı ildə “Neft gəlirləri: şəffaflıq, ictimai nəzarətin təşkilində gənclərin rolu” mövzusunda konfransda Dalğa GH-nin 32 üzvü iştirak edib.

•      7 iyul 2006-cı ildə mətbuatın iştirakı ilə magistratura pilləsinə imtahan vermək istəyən oğlan bakalavrların qarşılaşdıqları problemlə bağlı cəmiyyəti məlumatlandırmaq məqsədi ilə mətbuat konfransı keçirilib.

•      8 iyul 2006-cı ildə Dalğa GH magistratura pilləsinə imtahan vermək istəyən oğlan bakalavrların qarşılaşdıqları problemlə bağlı Prezidentə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, Təhsil Nazirliyinə, Müdafiə Nazirliyinə və Respublika Baş Hərbi Komissarlığa müraciət edilib. Müraciətdə problemin həlli üçün konkret addımların atılması tələb olunub.

•      10 iyul 2006-cı ildə Təhsil Nazirliyinin qarşısında magistratura pilləsinə imtahan vermək istəyən oğlan bakalavrlara imkan yaradılması tələbi ilə Dalğa GH-nin üzvləri aksiya keçirilib.

•      12 iyul 2006-cı ildə ABŞ səfirliyində Dalğa GH-nin rəhbərliyi ilə siyasi məsələlər üzrə səfirin müşaviri xanım Rebeka J. Naslınd və səfirliyin siyasi məsələlər üzrə mütəxəssisi Fəxri Abbasovla görüş keçirilib.

•      13 iyul 2006-cı ildə saat 19:00-dan 20:30-dək Alman-Azərbaycan mədəniyyət evində (Kopellhouse) Dalğa GH-nin təşkilatçılığı ilə  “Sağlam Azərbaycan və dünya incəsənətinin mücərrəd vəhdəti” adlı gənc rəssamların sərgisi və gənc ifaçıların konserti olub.

•      18 iyul 2006-ci ildə Dalğa GH tərəfindən TQDK-nın qarşısında magistratura pilləsinə imtahan vermək istəyən oğlan bakalavrlara imkan yaradılması tələbi ilə aksiya keçirilib.

•      19 iyul 2006-cı ildə köhnə  “Sahil bağı” adlanan parkın “Demokratiya bağı” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə həmin bağda abidənin ucaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, Bakı Şəhəri İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib.

•      22 iyul 2006-cı ildə Dalğa GH-nin sədri Ramin Hacılı və Təşkilat Məsələləri üzrə Koordinator Ülvi Həsənli İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu ilə görüşərək, maarifçilik məqsədi ilə  mərkəzin materiallarının gənclər arasında yayılması üçün əməkdaşlıq etmək  barədə ilkin razılıq əldə edilib.

•      24 - 27 iyul 2006-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edilib. Səfərin ilk günü Açıq Cəmiyyət İnstitutunun (SOROS) yerli ofisində 68 gəncin iştirakı ilə seminar keçirilib. Səfərin ikinci günündə Milli Demokratiya İnstitutunun Gəncə regional ofisində liderlik mövzüsunda seminar - treyninq keçirilib.

•      1 avqust 2006-cı ildə Dalğa GH mətbaut konfransı keçirərək bu günədək “Təhsildə rüşvətsiz 1 il” kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı media qarşısında hesabat verib və bundan sonrakı fəaliyyət istiqamətlərini açıqlayıb.

•      1 avqust 2006-cı ildə hərəkatın Geniş Toplantısı 1 avqustu  Dalğa GH-nın simvolik günü elan etdi.
Geniş Toplantının yaydığı press-relizdə bildirilirdi: “Biz insanın azad yaradıcılıq və işgüzarlıqla uğur qazanacağına inanırıq. Dalğa Gənclə Hərəkatı üzvlərinin yaradıcılığına böyük əhəmiyyət verir. Fərdin özünüifadə zamanı cəsarətli və uğurlu olması üçün həmfikirlərinin dəstəyi önəmlidir.
1 avqust günü Dalğa GH rəhbərliyi üzvlərinin uğurlu tərəflərinin təqdimatını təşkil edir.”

•      3 avqust 2006-cı ildə Özbəkistanda qadın məsələləri ilə bağlı fəaliyyət göstərən QHT rəhbərləri ilə Dalğa GH-nin Qadınlarla İş üzrə Komotəsinin görüşü keçirilib.

•      5  avqust 2006-cı ildə Dalğa GH-nin Geniş Toplantısı keçirilib və toplantıda Hərəkatın rənginin qırmızı, simvolunun isə “Alma” olması qərara alınıb.
Geniş Toplantının yaydığı press-relizdə bildirilirdi: “ALMA sağlam gələcək deməkdir. ALMA heç bir zərəri olmayan faydalı meyvədir. Dalğa Gənclər Hərəkatının əsas məqsədi sağlam və xoşbəxt gələcək qurmaqdır. Bunun üçün insanları zərəli vərdişlərdən və insanlığa zidd düşüncələrdən qoruyaraq yeni nəslin formalaşması əsas şərtdir.
Qırmızı rəng dönməzlik anlamı daşıyır. Hərəkat qırmızı rənglə öz prinspiləri uğrunda dönməz olacağının mesajını verir”.

•  20  avqust – 20 sentyabr  2006-cı ildə Mərkəzi ofisi İngiltərədə yerləşən LİNKS Beynəlxalq Sülh Təşkilatı Dalğa GH-nın “Təhsil Könüllüləri” layihəsinə 500 ABŞ dolları məbləğində vəsait ayırıb.

• 27 avqust 2006-cı ilə Dalğa GH  7 nəfər üzvün iştirakı ilə “Təhsil Könüllüləri” layihəsi çərçivəsində Bərdə Şəhərinə  səfər edib. Şəhər Gənclər Mərkəzində 32 gəncin iştirakı ilə “Liderlik” mövzusunda seminar keçirilib.
Səfər zamanı  Bərdədə fəaliyyət göstərən və bu bölgədə ən aktiv gənclər təşkilatı olan  “Gələcəyə İnam” Gənclər İctimai Birliyi ilə görüş keçirilib, bundan sonra birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi qərara alınıb.

• 1 sentyabr 2006-cı ildə Dalğa GH-nin ilk sədri Ramin Hacılı vəzifəsindən istefa verib. Buna səbəb onun siyasi fəaliyyətlə məşğul olmaq istəyi olub.

• 3 sentyabr 2006-cı ildə Dalğa GH-nın Geniş Toplantısında hərəkatın sədri Ramin Hacılının istefa ərizəsi qəbul olundu. Toplantıda həmçinin 2 oktyabr 2006-cı ildə Dalğa GH-nin Qurultayının keçirilməsi və Qurultaya hazırlıq işlərini görmək üçün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK) yaradıldı. QHTK-nin rəhbəri Səda Həsənli (Sədaqət Həsənova) seçildi.

•  5 sentyabr 2006-cı ildə Dalğa GH-nin Gəncədə yerli şöbəsi yaradılıb (Dalğa Gənclər Hərəkatının Gəncəbasar regional ofisi). Ofisin rəhbəri Tərlan Əsgərov, birinci müavini isə Pünhan Namazov seçildi.

•      6 sentyabr 2006-cı ildə Hərəkatın Bakıdan və Gəncədən olan 14 üzvü «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Qax rayonunda yerli gənclərlə görüş keçirib və gələcəkdə regional ofisin yaradılması üçün hazırlıqlara başlanılıb.

•      7 sentyabr  2006-cı ildə Zaqatalada səfərdə olan «Təhsil Könüllüləri» 52 gəncin iştirakı ilə Zaqatala Mədəniyyət Evində seminar - treyninq təşkil edib.

•      7 sentyabr 2006-cı ildə Hərəkatın 2 üzvü Balakən rayonuna gedərək, həmin rayinda gələcəkdə seminar - treyninqin təşkil olunması üçün hazırlıq işləri görüb.

•      11 sentyabr 2006-cı ildə Hərəkatın fəalları ABŞ səfirliyi qarşısında məlum 11 Sentyabr terror aktını pisləyən bəyanatla çıxış edib. Dalğa GH-nin üzvləri səfirliyin qarşısına terror aktı nəticəsində dağıdılan “əkiz binaların” maketini və bu akt nəticəsində həlak olan insanların xatirəsini yad etmək məqsədi ilə əklil qoyub.

•      12 sentyabr 2006-cı ildə Dalğa GH mətbuat konfransı keçirərək “Təhsil Könüllüləri” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barəsində ictimaiyyətə məlumat verib. Həmçinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi ictimaiyyətə Qurultaya hazırlıqla bağlı görülən işlər barəsində məlumat verib. Mətbuat konfransında çıxışı zamanı Hərəkatın koordinatoru Rövşən Nəcəfov rüşvətə qarşı bundan sonra görüləcək işlər barəsində danışıb.

•      17 sentyabr 2006-cı ildə Dalğa GH-nin layihəsi olan “Alma” qəzeti nəşrə başlayıb. Məqsəd yeni düşüncə tərzinin, hətəkstın idealarını, həmçinin yeni yazarları cəmiyyətə təqdim etmək olub.

•      2 oktyabr 2006-cı ildə Dalğa GH-nin birinci (təsis konfransı ilə birlikdə ikinci) Qurultayı keçirilib. Qurultayda gizli səsvermə yolu ilə Hərəkatın yeni sədri Ülvi Həsənli, birinci mavini isə Turanə Rəsulova seçilib.

•      3 oktyabr 2006-cı ildə Qurultayın ikinci hissəsində idarə heyətinin üzvləri, komitə rəhbərləri və digər orqanların rəhbərləri seçilib. Qurultayın ikinci hissəsində həmçinin Mərkəzi Nəzarət Təftiş komisiyası da formalaşdırılıb.

•      17 oktyabr 2006-cı il Dalğa GH Ayaz Salayevin rejissorluğu və “İnternyus-Azərbaycan”ın təşkilatçılığı ilə çəkilmiş “O uzaq yaxın kənd” filminin nümayişini və müzakirəsini təşkil edib.

•      5-12 noyabr 2006-cı il Dalğa GH tərəfindən təhsil həftəsi elan edilib. Həftənin ilk  3 günün ali və orta məktəblərin qarşısında, eləcə də şəhərin müxtəlif yerlərində gənclərə 50000-dən çox maarifləndirici vərəqə paylanılıb. Vərəqələrdə həmçinin gənclərin həftə sonunda əllərinə ağ kağız alaraq Təhsil Haqqında Qanunun olmamasına etiraz olaraq şəhər gəzintisinə çıxmaqla bağlı çağırış da öz əksini tapıb.

•      10 noyabr 2006-cı ildə “Təhsil haqqında qanun ictimai müzakirəyə çıxarılsın!” tələbi ilə Milli Məclis qarşısında flaş - mob keçirilib. Flaş - mob zamanı gənclər rəqs edib, kart oynayıb və bununla da gənclər təhsil qanunu olmayan ölkənin gələcəyini təsvir etməyə çalışıb.

•      11 noyabr 2006-cı il Bakı şəhərinin mərkəzində Dalğa GH təşkilatçılığı ilə əllərində ağ vərəq tutmuş gənclərin yürüşü olub. Bununla ictimaiyyətin diqqəti təhsildə qanunun olmamasına yönəldilib.

•      22  noyabr 2006-cı ildə azad mətbuata təzyiqlərə son qoyulması tələbi ilə hərəkat fəalları aksiya keçirib. Aksiya zamanı Azərbaycanın mətbu orqanlarından biri olan “Azadlıq” qəzetinin binası simvolik olaraq yuyulub.

•      24 noyabr 2006-cı ildə “Azadlıq” qəzetinin binasının əlindən alınması üçün keçirilən məhkəməyə etiraz əlaməti olaraq, hərəkat fəalları kütləvi şəkildə məhkəmə qarşısında “Azadlıq” qəzeti oxumağa başlayıb. Aksiyaya polis müdaxilə edib və qəzetlər gənclərin əlindən alınıb.

•    1 dekabr 2006-cı ildə “İnternyus Azərbaycan”la Dalğa GH arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün ilkin razılıq əldə edilib.

•     29 dekabr 2006-cı ildə “İnternyus Azərbaycan” Dalğa GH haqqında ilk filmi çəkib. Filmin mövzusu Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Dalğa GH-nin baxışı olub.