Dalğa Gənclər Hərəkatı

ÜMUMİ MƏLUMAT

12 fevral 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) bir qrup tələbəsi xoşbəxt gələcək qurmaq üçün təşkilatlanmaq qərarına gəldi. Azərbaycan gənclərinə xoşbəxt gələcək naminə edilən dostluq müraciətində deyilirdi: “Yaşadığımız Azərbaycan dövlətinin qüdrətlənməsi vətəndaşlarının xoşbəxtliyindən keçir. Biz babalarımıza demokratik dəyərləri vətənimizə gətirdiyi üçün, atalarımıza müstəqil Azərbaycanı qurduqları üçün minnətdarıq. Lakin, indi təşəbbüs növbəsi bizə çatıb. Azərbaycan insanına xoşbəxt gələcək bəxş etmək bizim borcumuzdur. Bunun üçün çağdaş Azərbaycan gəncliyinin birgə addımlamasına ehtiyac var. Hər kəsi bu məsuliyyəti bizimlə paylaşmağa və təşəbbüsümüzə dəstək verməyə çağırırıq. Yaratmaq istədiyimiz xoşbəxt gələcək üçün hüququn aliliyi, dözümlülük, maarifçilik, yaradıcılıq, sivillik, cəsarətlilik və səmimilik əsas prinsiplərimizdi”.

Tezliklə Azərbaycanın digər universitetlərində təhsil alan 130-dan çox gənc bu təşəbbüsə qoşuldu. Onlar arasından seçilən 41 gəncin iştirakı ilə təşkilat komitəsi yaradıldı (5 aprel 2005-ci il). Təşkilat komitəsi qurumun adını “Dalğa Gənclər Hərəkatı”, fəaliyyət istiqamətini isə demokratik dəyərlər əsasında qurulmasına qərar verdi. Qeyri Hökümət Təşkilatı (QHT) kimi fəaliyyət göstərəcək yeni hərəkatın əsasnaməsi  və bəyannaməsi təşkilat komitəsi tərəfindən qəbul edildi (12 aprel 2005-ci il). 19 aprel 2005-ci ildə təşkilat komitəsi Dalğa Gənclər Hərəkatının (Dalğa GH) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsini təsis etdi. Gizli səsvermə yolu ilə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) sədri Ramin Hacılı seçildi. 22 aprel 2005-ci ildə Dalğa GH cəmiyyətə öz proritetlərini açıqladı və rəsmi faəliyyətə başladı.

Dalğa GH-nın ilk sədri Ramin Hacılı, birinci müavini isə Zinəddin Babayev olub (19 aprel 2005 - 1 sentyabr 2006).
II sədr Ülvi Həsənli, birinci müavini isə Turanə Rəsulova olub (2 oktyabr 2006 – 19 sentyabr 2007).
III sədr Vəfa Cəfərova, birinci müavini isə Nərmin Nöqtə olub (8 oktyabr 2007 – 10 oktyabr 2008).
Dalğa GH-nın nizamnaməsinə əsasən sədr üzürlü səbəbdən vəzifəsini icra edə bilmədikdə onun yerinə Geniş Toplantı tərəfindən sədr əvəzi seçilir. 2007-2008-ci illərdə hərəkatın
Geniş Toplantısı sədrin təhsili ilə bağlı ölkədə olmamasını nəzərə alaraq Araz Önəri sədr əvəzi seçib (14 yanvar 2008 – 25 iyun 2008).
IV sədr Vəfa Cəfərova, birinci müavini isə İlkin Əlisoy olub (21 noyabr 2008 – 1 iyul 2009).
V sədr Ağarəhim Poladov, birinci müavini isə Ramilə Yusifova olub (1 dekabr 2009 – 2 noyabr 2010).
VI sədr Orxan Nəbiyev, birinci müavini isə Cəmilə İbrahimova olub ( 12 fevral 2011 – davam edir...).

Dalğa GH öz fəaliyyətini könüllülük prinsipləri əsasında qurur və layihələri tam azad şəkildə həyata keçirir. Hərəkatın ali orqanı Qurultaydır. Qurultaylararası dövrdə qərarverici orqan Geniş Toplantı, icraedici orqan isə İdarə Heyətidir. Dalğa GH-nın fəaliyyətinə nəzarətedici orqan Qurultay tərəfindən müəyyənləşdirilən Mərkəzi Nəzarət Təftiş Komissiyasıdır (MNTK). Hərəkat öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, beynəlxalq konvensiyalar, hərəkatın nizamnaməsi, əsasnaməsi, bəyannaməsi və qərarverici orqanlar tərəfindən çıxarılan  təlimatlar əsasında formalaşdırır.

Dalğa GH-nın hər bir üzvü hərəkatın Nizamnaməsini, Əsasnaməsini, Bəyannaməsini, simvolikalarını, himnini, andını və konsepsiyalarını bilməlidir.  Dalğa GH-nın təbliğat və təşviqatı yuxarıda qeyd olunanlar, həmçinin hərəkatın gördüyü işlər və rəsmi bəyanatları əsasında qurulur.

Dalğa GH adından yaradılan bloqlar, saytlar, elektron poçtlar və digər yayım resurları hərəkatın rəsmi bloqu, rəsmi saytı və ya rəsmi elektoron poçtu tərəfindən təsdiqlənmədən etibarlı hesab edilə bilməz.

Dalğa GH-nın rəsmi səhifəsi (web-site):
www.dgh.az

Dalğa GH-nın rəsmi bloqu (weblog):
www.dalga-gh.blogspot.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail):
dalga_telebe@yahoo.com,

 Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail):
dalga.ym@yahoo.com









 

DALĞA Gənclər Hərəkatı © 2011 Bütün hüquqlar qorunur
Sayt OUR Studio tərəfindən yaradılıb
Hostinq: OUR.Host