Dalğa Gənclər Hərəkatının
Əsasnaməsi

Dalğa Gənclər Hərəkatının Əsasnaməsi
23 oktyabr 2011-ci il tarixində hərəkatın VI (VII) Qurultayında qəbul edilib.

1. ÜMUMİ MÜDDƏALAR:

1.1. Dalğa Gənclər Hərəkatı (Bundan sonra Dalğa GH) öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitutsiyası və «Qeyri-Hökumət Təşkilatları (İctimai Birliklər və Fondlar) Haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin öz Nizamnaməsi və Əsasnaməsi əsasında qurur.

1.2. Dalğa GH-nın Əsasnaməsi Nizamnamə ilə yanaşı Hərəkatın əsas qanunvericilik bazasıdır. Nizamnamədən fərqli olaraq Əsasnamə Hərəkatın daxili strukturundan, təqdimat formalarından və qismən ideoloji baxışından bəhs edir. Hərəkatın işləmə mexanizmi və uyğun orqanları arasında münasibətlər Əsasnamə ilə tənzimlənir.

1.3. Dalğa GH Azərbaycanda azad, demokratik, hüquqi, dünyəvi, sivil, liberal və xoşbəxt vətəndaşları olan dövlətin qurulması naminə fəaliyyət göstərir. Bunun üçün Hərəkat təhsil, azadlıq, liberal dəyərlər, vicdanlılığın və ləyaqətliliyin təbliğini həyata keçirir. Bununla yanaşı Dalğa GH öz dəyərlərini Azərbaycan hüdudlarından kənarda da təbliğ edir. İnsanlığı, sülhü və inteqrasiyanı vacib hesab edən Hərəkat yalnız Güney Azərbaycanda (İranın Azərbaycan türkləri yaşayan hissəsi) millətçi hərəkatı dəstəkləyir! Çünki, Güney Azərbaycan türklərinə qarşı assimlyasiya siyasəti həyata keçirilir və bu halda həmin toplum BMT tərəfindən də təsbit olunan "Xalqların öz müqəddəratını təyin etmək hüququ" ndan istifadə etmək haqqına sahibdir.

1.4. Dalğa GH öz məqsədlərini şəffaf şəkildə bəyan etmək üçün "Arzuladığımız dövlət...", "Qarabağ münaqişəsinə baxış", "Ümumbəşəri dəyərlər və inteqrasiya prosesi", "Güney Azərbaycan məsələsi", "Vicdanlı və ləyaqətli insan modeli", "İdealist pozitivizm" və "Liberalizm seçiləndə nə olur?" konsepsiyalarını əsas tutur. Bu konsepsiyalar Geniş Toplantı tərəfindən qəbul edilir və hərəkatın rəsmi orqanları vasitəsilə cəmiyyətə təqdim edilir.

1.5. Dalğa GH-nın hər bir üzvü hərəkatın Nizamnaməsini, Əsasnaməsini, Bəyannaməsini, simvolikalarını, himnini, andını və konsepsiyalarını bilməlidir. Dalğa GH-nın təbliğat və təşviqatı yuxarıda qeyd olunanlar, həmçinin hərəkatın gördüyü işlər və rəsmi bəyanatları əsasında qurulmalıdır.

 

2. Təsisçilər:

Dalğa GH-nın 7 rəsmi həmtəsisçisi vardır. Həmtəsisçilər Dalğa GH-nın Qurultayında və Geniş Toplantısında iştirak hüququna malikdir. Hərəkatın həmtəsisçisi əgər hər hansı bir sturukturda təmsil olunmayıbsa, və ya hərəkatın qərarverici hər hansı bir orqanı tərəfindən səlahiyyətləndirilməyibsə, başqa heç bir hüquqa sahib deyil.

2.1. Dalğa GH-nın həmtəsisçiləri:

Ramin Hacılı
Zinəddin Babayev
Vüsal Əhədzadə
Namaz Sarıyev
Anar Rəhbərli
Emin Hüseynov
Elçin Məmmədov

3. İdarə Heyəti:

Dalğa GH-nın İdarə Heyətinin və sədrin səlayətləri Hərəkatın Nizamnaməsində öz əksini tapıb. Əsasnamədə idarə heyətinin digər üzvlərinin, həmçinin Sədr əvəzinin səlahiyətləri təsbit olunub.

3.1. Sədr əvəzi:
Dalğa GH-nın Nizamnaməsinin 4.3.2. bəndinə əsasən sədr üzürlü səbəbdən vəzifəsini icra edə bilmədikdə onun yerinə Geniş Toplantı tərəfindən qısa müddətlik (sədrin səlahiyyət müddətini keçməmək şərti ilə) Sədr əvəzi seçilir.
3.1.1. Sədr əvəzi səlahiyyətləri və vəzifələri :
• İdarə Heyyətinin və Geniş Toplantının iclaslarına sədrlik edir, İdarə Heyyətinin işinə rəhbərlik edir;
• Dalğa GH-nın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, icraedici, funksiya daşıyır və sərəncamlar verir;
• Dalğa GH-nı təmsil edir, onun adından sənədləri imzalayır, müqavilələr bağlayır, etibarnamələr verir, bəyanatlar qəbul edir;
• Digər orqanların fəaliyyətini əlaqələndirir;
• Geniş Toplantı və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir.
• Hərəkatın təşkil etdiyi tədbir və aksiyalarda situasiyaya uyğun ani qərarlar verir.
• Zəruri hallarda öz səlahiyyətlərini müvəqqəti olaraq 1-ci müavinə həvalə edir.
• Sədr əvəzi Qurultaya bir ay müddət qalmış vəzifəsindən istefa verir.
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak edir

3.2. I müavin:
Dalğa GH-nın Nizamnaməsinin 4.4.4. bəndinə əsasən Hərəkatın sədri Qurultay tərəfindən 1-ci müavini ( I müavin) ilə birlikdə bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.

3.2.1. I müavinin səlahiyyətləri və vəzifələri :
• Sədrin razılığı ilə hərəkatı təmsil etmək və hərəkatın mövqeyi ilə bağlı açıqlama vermək
• Sədrin razılığı ilə İdarə Heyətinə rəhbərlik etmək
• Regional və beynəlxalq təmsilçilərin fəaliyyətinə nəzarət etmək
• Daxili strukturun işləmə mexanizminə nəzarət etmək və sədr qarşısında məruzə ilə çıxış etmək
• İdarə Heyətinin toplantılarını təşkilini həyata keçirmək.
• İdarə Heyətinin gündəliyinə uyğun protokolu hazırlamaq
• İdarə Heyətində qəbul olunmuş qərarları üzvlərə çatdırmaq
• Geniş Toplantının təşkilini həyata keçirmək.
• Regional və beynəlxalq, həmçinin hərəkatın strukturundakı durumla baglı İdarə Heyəti uzvlərini məlumatlandırmaq
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.3. Təşkilat Məsələləri üzrə Koordinatorluq:
Təşkilat məsələləri üzrə koordinator Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.

3.3.1. Təşkilat Məsələləri üzrə Koordinatorluğun səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın ofislərinə nəzarəti həyata keçirmək
• Tədbirlərin və aksiyaların təşkilatçılığını həyata keçirtmək
• Texniki İşlər üzrə Komissiya və Asudə Vaxtların Təşkili Komissiyalarının idarəçiliyini həyata keçirtmək
• Musiqi Klubu, Kino və Teatr Klubu, İdman Klubu, Psixologiya və Sosiologiya Klublarının idarəçiliyini həyata keçirtmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.4. İnsan Resursları üzrə Koordinatorluq:
İnsan resursları üzrə koordinator Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.
3.4.1. İnsan Resursları üzrə Koordinatorluğun səlahiyyətləri və vəzifələri:
• Hərəkata qoşulmaq istəyən gənclərin ərizəsi ilə tanış olmaq və müvafiq qərar vermək.
• Yeni üzvlərin hərəkata qoşulması və müvafiq struktura yerləşdirilməsi
• Üzvlərlə mütəmadi işlərin aparılması
• Üzvlərin bilik və bacarıqlarının artırılması ilə müxtəlif tədbirlərin keçirilməsi
• Tələbələrin Hüquqlarının Müdafiə Komitəsinə, Elm və Təhsil Komissyasının idarəçiliyini həyata keçirtmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.5. Gender Məsələləri üzrə Koordinatorluq:
Gender məsələləri üzrə koordinator Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.

3.5.1. Gender Məsələləri üzrə Koordinatorluğun səlahiyyətləri və vəzifələri:
• Gender məsələləri ilə bağlı müxtəlif araşdırmalar aparmaq və təkliflər vermək
• Bu istiqamətdə fəaliyyət göstərən digər qurumlarla əməkdaşlıq etmək
• Qadınların rolunun cəmiyyətdə artırılması istiqamətində fəaliyyət göstərmək
• Qadınların üzləşdiyi problemlərlə bağlı iş aparmaq
• Qadın Klubunun idarəçiliyini həyata keçirtmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.6. İctimai Əlaqələr Koordinatorluğu:
İctimai əlaqələr koordinatoru Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.
3.6.1. İctimai Əlaqələr Koordinatorluğun səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın İdarə Heyətini təmsil etmək
• Dalğa GH-nın digər qurumlarla əlaqələrini yaratmaq
• Dalğa GH-nı üzv olduğu yerli koalisiyalarda təmsil etmək
• Dalğa GH-nın İdarə Heyətinin qərarı ilə yerli tədbirlərdə Hərəkatı təmsil etmək
• İnformasiya Texnologiyaları Komissiyasını idarəçiliyini həyata keçirmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.7. Beynəlxalq Əlaqələr Koordinatorluğu:
Beynəlxalq əlaqələr koordinatoru Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

3.7.1. Beynəlxalq Əlaqələr Koordinatorluğunun səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nı beynəlxalq tədbirlərdə təmsil etmək
• Hərəkatın digər beynəlxalq qurumlarla əlaqələrini yaratmaq
• Hərəkatın təmsil olunduğu beynəlxalq koalisiyalarla işin aparılması
• Layihələrlə iş üzrə Komissiyanın idarəçiliyini həyata keçirtmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.8. Maliyyə Koordinatorluğu:
Maliyyə koordinatoru Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

3.8.1. Maliyyə Koordinatorluğunun səlahiyyətləri və vəzifələri:
• Üzvlük haqlarının vaxtında toplanması
• Maliyyə hesabatları hazırlayaraq idarə heyətinə təqdim etmək
• "Fundraising" həyata keçirtmək
• Regional ofislərin və beynəlxalq nümayəndəliklərin maliyyə hesabatlarını qəbul etmək
• İqtisadçılar Klubunun idarəçiliyini həyata keçirtmək
• Layihələrin idarə olunmasına nəzarət etmək
• Yalnız Nizamnamədə və Əsasnamədə təsbit olunmuş qaydalar çərçivəsində maliyyə vəsatinin təşkilini təmin etmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.9. Media Koordinatorluğu:
Media koordinatoru Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

3.9.1. Maedia Koordinatorluğunun səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın yerli və beynəlxalq KİV ilə əlaqələrini qurmaq
• Hərəkatın həyata keçirdiyi və ya keçirəcəyi tədbirlər barəsində ictimaiyyəti məlumatlandırmaq
• Dalğa GH barəsində KİV-də yayımlanan məlumatlar haqqında İdarə Heyətinə məlumat vermək
• Jurnalistika klubunun və Foto klubun idarəçiliyini həyata keçirtmək
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

3.10. İdeologiya Koordinatorluğu:
İdeologiya koordinatoru Qurultay tərəfindən bir il müddətinə seçilir. İcraedici orqan – İdarə Heyətinin və qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

3.10.1. İdeologiya Koordinatorluğunun səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın təbliğat və təşviqat materiallarını hazırlamaq
• Dalğa GH-nın ideoloji baxışı ilə bağlı cəmiyyəti və üzvləri müntəzəm məlumatlandırmaq
• Gündəmin aktual məsələlərinə Hərəkatın mövqeyinin forması ilə bağlı təkliflər hazırlamaq
• Dalğa GH-nın qərarverici orqanlarını tərəfindən Hərəkatın strategiya və ya taktikası ilə bağlı irəli sürülən dəyişiklər qərarının icrasına rəhbərlik etmək
• Dalğa GH-nın Mədəniyyət Komissiyasının və Oxu Klubunun idarəçiliyini həyata keçirtmək
• Dalğa GH-nın ideya və prinsiplərini təbliğ eləmək məqsədi ilə dövrü mətbuatda çıxış etmək.
• İdarə Heyəti tərəfindən verilən qərarların qəbulunda iştirak etmək.

4. Komitə, Ekol, Klub, Məktəb, Akademiya və Komissiyalar:
Dalğa GH Qurultayı və ya Geniş Toplantısı, həmçinin İdarə Heyəti Hərəkatın həyata keçirdyi strategiyaya uyğun olaraq daimi və müvəqqəti komissiyalar yarada bilər. Yalnız Geniş Toplantı Hərəkatın strategiyasına uyğun daimi qurumlar yaratmaq hüququna malikdir. Dalğa GH-nın Qurultayı, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK), Geniş Toplantısı, İdarə Heyəti, Regional Ofisləri, Beynəlxalq Nümayəndəlikləri və sədri konkret məsələlərlə bağlı müvəqqəti komissiyalar yaratmaq səlahiyyətinə sahibdir. Geniş Toplantı tərəfindən yaradılan və Qurultay tərəfindən təsdiqlənərək Əsasnaməyə salınan daimi qurumlar aşağıdakılardır:

4.1. Elm və Təhsil Komissiyası
Elm və Təhsil Komissiyasının rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.1.1 Elm və Təhsil Komissiyasının səlahiyyətləri və vəzifələri:
• Təhsilin inkişafı məqsədi ilə təklif və layihələr hazırlamaq
• Təhsildə ortaya çıxan problemələrdən çıxış yollarını göstərmək
• Elm və Təhsilin təbliği məqsədi ilə tədbirlər təşkil etmək
• Dalğa GH-nın üzvlərinin təhsilinə dəstək olmaq
• Region gəncləri arasında təhsilin təbliği və paytaxt gəncləri ilə inteqrasiyaya kömək etmək, həmçinin bu istiqamətdə ortaya çıxa biləcək mədəni şoku azaltmaq üçün Təhsil Könüllüləri layihəsini həyata keçirtmək.
• Elm və Təhsil Komissiyası İnsan Resurları üzrə Koordinatorğluğa tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.2. Layihələrin İdarə Olunması Komissiyası
Layihələrin İdarə Olunması Komissiyasının rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.2.1. Layihələrin İdarə Olunması Komissiyasının səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın fəaliyyətinə dəstək məqsədi ilə layihələr hazırlamaq və layihələrin icrasına nəzarət etmək
• Dalğa GH-nın daxili imkanları hesabına həyata keçirdiyi layihələrə nəzarət etmək
• Dalğa GH ilə əməkdaşlıq edə biləcək fondları müəyyənləşdirmək və bu barədə İdarə Heyətinə məruzə etmək
• Layihələrin İdarə Olunması Komissiyası Beynəlxalq Əlaqələr Koordinatorluğuna tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.3. Mədəniyyət Komissiyası
Mədəniyyət Komissiyasının rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.
4.3.1. Mədəniyyət Komissiyasının səlahiyyətləri və vəzifələri:
• Dünyada yayımlanan mədəni yenilikləri Azərbaycan insanına çatdırmaq
• Aərbaycan mədəniyyətində Dalğa GH-nın ideologiyasına yaxın dəyərləri təbliğ etmək
• Azərbaycan tarixində ümumbəşəri sayıla biləcək mədəni intibahları təbliğ etmək
• Azərbaycan insanının mədəni inkişafına nail olmaq üçün təklifləri hazırlamaq
• Mədəniyyət Komissiyası İdeoloji Məsələlər üzrə Koordinatorluğa tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.4. Texniki İşlər üzrə Komissiya
Texniki İşlər üzrə Komissiyasının rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.
4.4.1. Texniki İşlər üzrə Komissiyasının səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın regional və baş ofisinin texniki işlərinə nəzarət etmək
• Dalğa GH-nın texniki təchizatına nəzarəti həyata keçirmək
• Dalğa GH-nın həyata keçirdiyi tədbir və aksiyaların texniki təchizatını həyata keçirmək
• Texniki İşlər üzrə Komissiya Təşkilat Məsələlər üzrə Koordinatorluğa tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.5. İnformasiya Texnologiyaları Komissiyası
Texniki İşlər üzrə Komissiyasının rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.
4.5.1. İnformasiya Texnologiyaları Komissiyasının səlahiyyətləri və vəzifələri:
• Dalğa GH-nın web saytına texniki nəzarəti həyata keçirmək
• Dalğa GH-nın rəsmi səhifələrinə nəzarəti həyata keçirmək
• Dalğa GH-nın təşviqatına yardımçı olmaq
• Dalğa GH-nın üzvlərini texnoloji biliklərinin artırılması üçün müxtəlif tədbirləri təşkil etmək
• İnformasiya Texnologiyaları Komissiyası İctimaiyyətlə Əlaqlər Koordinatorluğuna tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.6. Asudə Vaxtların Təşkili Komissiyası
Asudə Vaxtların Təşkili Komissiyasının rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.6.1. Asudə Vaxtların Təşkili Komissiyasının səlahiyyətləri və vəzifələri:
• Dalğa GH üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli tədbirlər təşkil etmək
• İdarə Heyəti tərəfindən müəyyənləşdirilən xüsusi günlərlə bağlı əyləncəli tədbirlər təşkil etmək
• Gənclərin asudə vaxtlarının təşkili məqsədi ilə təkliflər hazırlamaq
• Asudə Vaxtların Təşkili Komissiyası Təşkilati Məsələlər üzrə Koordinatorluğuna tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.7. Oxu Klubu

Oxu Klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.7.1. Oxu Klubunun səlahiyətləri və vəzifələri:

• Gənclərə oxu mədəniyyətini aşılamaq üçün müxtəlif tədbirləri həyata keçirmək
• Dalğa GH tərəfindən müəyyənləşdirilən kitabların cəmiyyətdə təbliği
• Yeni yazarların təbliğinə dəstək olmaq
• Dalğa GH üzvlərinin müvafiq kitablarla təmin olunmasına yardım etmək
• Ədəbi gecələr təşkil etmək
• Oxu Klubu İdeoloji Məsələlər üzrə Koordinatorluğa tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.8. Musiqi Klubu

Musiqi klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.8.1. Musiqi Klubunun səlahiyyətləri və vəzifələri:

• Dünya Musiqisinin özəlliklərini təbliğ etmək
• Dalğa GH simvolik musiqilərini təbliği
• Musiqi sahəsində yeni istedadların təbliği
• Azərbayan Musiqsinin inkişafı üçün təkliflər hazırlamaq
• Musiqi Klubu Təşkilat Məsələləri Üzrə Koordinatorlğua bağlıdır
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.9. Kino və Teatr Klubu

Kino və teatr klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.9.1. Kino və Teatr Klubunun səlahiyyətləri və vəzifələri:

• Dünya kinosunda baş vermiş intibahı Azərbaycan insanına çatdırmaq
• Dünya kinosunda baş verən yeniliklərin təbliğatını aparmaq
• Ölkəmizdə film və teatrın inkişafına dəstək olmaq
• Aktual problemlərlə bağlı açıq hava teatrları təşkil etmək
• Gənc rejissor və teatrşünasların təbliğinə dəstək olmaq
• Kino və Teatr Klubu Təşkilati Məsələlər Üzrə Koordinatorluğa tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.10. Jurnalistika Klubu

Jurnalistika klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

4.10.1. Jurnalistika Klubunun səlahiyyətləri və vəzifələri:

• Müstəqil medianın təbliği
• Gənc jurnalistlər üçün müxtəlif kursların təşkili
• Yeni media prinsiplərinin gənclər arasında yayılmasına yardım etmək
• Dalğa GH üzvləri arasında jurnalistikaya marağı olanlara dəstək vermək
• Dalğa GH-nın rəsmi media orqanları üçün kadrlar hazırlamaq
• Jurnalistika Klubu Media Koordinatorluğuna tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək


4.11. İdman Klubu

İdman klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultaya bir ay qalmış istefaya gedir.

 

4.11.1. İdman Klubunun səlahiyyətləri və vəzifələri:

• Gənclər arasında müxtəlif idman yarışları təşkil etmək
• Ümumi bədən tərbiyəsini təbliğ etmək
• Dalğa GH-nın idman komandalarını təşkil etmək
• Dalğa GH üzvləri arasında idmanın hansısa növünə maraq göstərən şəxslərə dəstək olmaq
• İdman Klubu Təşkilati Məsələlər üzrə Koordinatorğluğa batedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.12. İqtisadçılar Klubu

İqtisadçılar klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.

4.12.1. İqtisadçılar Klubunun səlahiyyətləri və vəzifələri:

• Dünyada baş verən iqtisadi dəyişikliklərin Azərbaycan gəncliyinə təsirlərini təhlil etmək
• Azərbaycanda baş verən iqtisadi proseslərin təhlili üçün müxtəlif tədbirlər təşkil etmək
• Liberal iqtisadiyyatı təbliğ etmək
• Dalğa GH üzvləri arasında sahibkarlıqla məşğul olanlara dəstək olmaq
• İqtisadçılar Klubu Maliyyə Koordinatorluğuna tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

4.13. Psixologiya və Sosialogiya klubu

Psixologiyanın və Sosiologiya Klubunun rəhbəri Geniş Toplantı tərəfindən bir il müddətinə seçilir. Qərarverici orqan – Geniş Toplantının tam hüquqlu üzvüdür. Dalğa GH-nın Qurultayına bir ay qalmış istefaya gedir.

4.13.1. Psixologiya və Sosiologiya Klubunun səlahiyyətləri və vəzifələri:

• Gənclər arasında müxtəlif sorğular həyata keçirərək əsas sosioloji problemləri müəyyən etmək
• Gənclərin qarşılaşdığı əsas psixoloji problemləri müəyyən etmək
• Sosioloqların və ya Psixoloqların iştirakı ilə tədbirlər təşkil etmək
• Psioxologiya və Sosiologiya Klubu Təşkilati Məsələlər üzrə Koordinatorluğa tabedir
• Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək

 

4.14. Tələbələrin Hüquqlarının Müdafiə Komitəsi
Dalğa GH-nın Tələbələrin Hüquqlarını Müdafiə Komitəsi (THMK) tələbələri hüquqları ilə bağlı maarifəndirmək və ortaya çıxan problemlərin həlli məqsədi ilə yaradılıb. Komitə tələbələrin müraciətlərini qəbul edir, bu müraciətləri araşdırır və lazımi tədbirləri həyata keçirir. THMK müraciətləri qəbul etmək üçün müxtəlif vasitələrdən istifadə edə bilər. THMK-nın rəhbəri Geniş Toplantı tərəfindən verilən qərarların qəbulunda iştirak etmək hüququna malikdir.

4.15. İctimai-Fəlsəfi Ekol

Dalğa GH-nın tərkibində İctimai-Fəlsəfi Ekol yaradılıb (17 sentyabr, 2005). Ekol yaratmaqda məqsəd gənclər arasında ümumbəşəri dəyərləri yaymaq, maarifləndirmə işini aparmaq, həmçinin müxtəlif ziyalılarla gənclərin görüşlərini təşkil etməkdir. İctimai-Fəlsəfi Ekolun rəhbəri Geniş Toplantı tərəfindən seçilir.

4.16. Demokratiya Məktəbi
Dalğa GH tərəfindən yaradılan Demokratiya Məktəbinin direktoru Hərəkatın Qurultayı zamanı seçilir. Demokratiya Məktəbinin məqsədi cəmiyyət üçün demokratik biliklərə sahib kadrlar hazırlamaqdır. Məktəbin il ərzində yüzlərlə tələbəsi ola bilər və həmin tələbələrə xüsusi proqramla peşəkar müəllimlər, həmçinin məktəbin treynerləri dərs verir. Məktəbi bitirən tələbələrə sertifikat təqdim edilir.
4.17. Demokratiya Akademiyası
Dalğa GH tərəfindən təsis edilən Demokratiya Akademiyası Hərəkatın nəznində fəaliyyət göstərir. Demokratiya Akademiyası demokratiya və insan hüquq azadlıqlarını araşdıran və bu sahədə müxtəlif hesabatlar hazırlayan akademik qurumdur. Regionlarda və paytaxtda demokratiyanın və ya liberal dəyərlərin yayılmasına mane olan faktorları müəyyən etmək, bu istiqamətdə sosioloji sorğular keçirmək, dünya praktikasını mənimsəmiş ekspertləri prosesə cəlb etmək akademiyanın əsas məqsədidir. Akademiya problemlərdən çıxış yollarını müəyyənləşdirmək üçün müxtəlif forumlar, beyin mərkəzləri və təcrübə proqramları təşkil edərək təkliflər hazırlayır. Akademiyanın prezidenti Geniş Toplantı tərəfindən seçilir.

5. Regional Ofis

Dalğa GH-nın regional ofisinin rəhbərləri İdarə Heyəti tərəfindən 1 il müddətinə təyin olunur. Regional ofisin rəhbəri 15 gün ərzində daxili sturukturu və komandasını tərkibini hazırlayaraq birinci müavinə bu barədə məlumat verməlidir. Regional ofisin rəhbərləri Geniş Toplantının tam hüquqlu üzvüdür.

5.1. Regional ofis rəhbərlərinin səlahiyyətləri və vəzifələri:

• Rəhbərlik etdiyi region üzrə müavinlər və nümayəndələr təyin etmək
• Həmin region üzrə İdarə Heyəti tərəfindən hazırlanan tapşırılqarı icra etmək
• Regionun spesifik xüsusiyyətləri və problemləri ilə bağlı İdarə Heyətinə müntəzəm hesabatlar hazırlamaq
• Görülən işlər barəsində Dalğa GH-nın birinci müavininə hesabat vermək
• Dalğa GH-nın Maliyyə Koordinatorluğuna aylıq maliyyə hesabatları hazırlamaq
• Regional tədbirlər təşkil etmək
• Regional dövlət qurumları və yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək
• Regional ofisin rəhbəri üzvləri seçərkən Nizamnamənin üzvlük şərtlərini nəzərə almalı, yalnız xüsusi hallarda İdarə Heyətinin tövsiyyələri əsasında qərar verə bilər.

• Cənub Regional Ofisi
• Gəncəbasar Regional Ofisi
• Quba – Xaçmaz Regional Ofisi
• Naxçivan Regional Ofisi
• Aran Regional Ofisi
• Qarabag Regional Ofisi
• Şəki-Zaqatala Regional Ofisi
• Sumqayıt – Abşeron Regional Ogisi

 

6. Beynəlxalq Nümayəndəliklər

Dalğa GH-nın beynəlxalq nümayəndəliklərinin rəhbərləri İdarə Heyəti tərəfindən 1 il müddətinə təyin olunur. Beynəlxalq nümayəndəlik rəhbəri 15 gün ərzində daxili sturukturu və komandasını tərkibini hazırlayaraq birinci müavinə bu barədə məlumat verməlidir. Beynəlxalq nümayəndəlik rəhbərləri Geniş Toplantının tam hüquqlu üzvüdür.

6.1. Beynəlxalq nümayəndəlik rəhbərlərinin səlahiyyətləri və vəzifələri:

• Rəhbərlik etdiyi bölgə üzrə müavinlər və nümayəndələr təyin etmək
• Həmin bölgə üzrə İdarə Heyəti tərəfindən hazırlanan tapşırılqarı icra etmək
• Bölgənin spesifik xüsusiyyətləri və problemləri ilə bağlı İdarə Heyətinə müntəzəm hesabatlar hazırlamaq
• Görülən işlər barəsində Dalğa GH-nın birinci müavininə hesabat vermək
• Dalğa GH-nın Maliyyə Koordinatorluğuna aylıq maliyyə hesabatları hazırlamaq
• Dalğa GH-nı tanıtmaq məqsədi ilə tədbirlər təşkil etmək
• Bölgədə yerləşən dövlətlərlə və yerli vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək
• Beynəlxalq nümayəndəlik üzvləri seçərkən Əsasnamənin üzvlük şərtlərini nəzərə almalı, yalnız xüsusi hallarda İdarə Heyətinin tövsiyyələri əsasında qərar verə bilər.
• Bölgədə fəaliyyət göstərən digər Azərbaycan qurumları ilə (Diaspora, səfirlik, konsulluq və Azərbaycan vətəndaşlarının təsis etdiyi digər qurumlar.) əməkdaşlıq etmək.
• Bölgədə yaşayan Azərbaycan gəncləri ilə əməkdaşlıq etmək.

• ABŞ Nümayəndəliyi
• Qərbi Avropa Nümayəndəliyi
• Gürcüstan Nümayəndəliyi
• Şərqi Avropa Numayendeliyi
• Türkiyə Nümayəndəliyi
• Rusiya Nümayəndəliyi
• Yaxın Şərq Nümayəndəliyi
• Uzaq Şərq Nümayəndəliyi

 

7. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi (QHTK)

Dalğa GH-nın Nizamnaməsinin 4.2.7. bəndinə əsasən Dalğa GH-nın sədri və İdarə Heyəti istefaya getdikdən sonra Qurultaya qədərki dövrdə Hərəkata Geniş Toplantı (GT) tərəfindən formalaşdırılan, hüquq və vəzifələri Əsasnamə ilə müəyyənləşən Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi (QHTK) rəhbərlik edir. QHTK-nə Geniş Toplantı tərəfindən seçilən rəhbər Qurultayın təşkili üçün komitə üzvlərini müəyyən edir.

7.1. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin səlahiyyətləri və vəzifələri:
• Qurultayın təşkili və iştirakçıların müəyyənləşdirilməsi
• Qurultay iştirakçılarına (Qonaqlar və mandat sahibləri) yer və vaxt barəsində dəqiq məlumatın verilməsi
• Namizədlərin müəyyənləşdirilməsi
• Seçki prosesinin təşkili
• Seçkinin ədalətli keçirilməsi üçün digər təşkilatlardan da nümayəndələr cəlb etməklə xüsusi müşahidə missiyasının yaradılması
• Namizədlərin sərbəst təbliğat aparması üçün münbit şəraitin yaradılması və bərabər imkanların təklifi
• Dalğa GH-nın regional və beynəlxalq nümayəndəlik üzvlərinin seçki prosesində iştirakı üçün lazımi şəraitin yaradılması
• İctimaiyyəti baş verən yeniliklərlə bağlı məlumatlandırmaq
• Seçkili orqanlara uyğun namizədlərin müəyyənləşdirilməsi ilə yanaşı seçilənləri qeydə almaq və ictimaiyyətə təqdim etmək
• Dalğa GH-nın nəznində fəaliyyət göstərən Demokratiya Məktəbinin direktorunu gizli seçki yolu ilə müəyyənləşdirməsini təşkil etmək.
7.2. Dalğa GH-nı sədri, birinci müavini, koordinatorları, komissiya, komitə, klub rəhbərləri, regional və beynəlxalq nümayəndələri, layihə direktorları fəaliyyət göstərəcəkləri ərazidə yaşaması şərtdir.
7.3. Dalğa GH-nın hər bir üzvü, həmçinin təsisçiləri mandatnan təmin olunur və azad seçim etmək hüququna malikdirlər. QHTK tərəfindən yaradılan mandat komissiyası düzgünlüyü təmin etmək məqsədi ilə son 3 həftədə Hərəkata qoşulmuş gənclər arasında mandatı müəyyən etmək üçün araşdırma aparmaq hüququna malikdir.
7.4. Dalğa GH-nın Qurultayı iki hissədən ibarətdir. Birinci hissədə son bir ildə Hərəkata rəhbərlik etmiş sədrin və MNTK-nın hesabatları dinlənilir, dəvətli qonaqlar nitq söyləyir, QHTK seçki prosedurunu izah edir, sədrliyə namizədlər birinci müavinləri ilə birlikdə öz platformalarını açıqlayır, gizli səsvermə yolu ilə növbəti bir il üçün Hərəkata rəhbərlik edəcək yeni sədr və birinci müavin, həmçinin Demokratiya Məktəbinin direktoru seçilir. Qurultayın birinci hissəsinin sonunda Demokratiya Məktəbinin gizli səsvermə yolu ilə seçilmiş direktoru və yeni sədr təşəkkür nitqi söyləyir. Qurultayın ikinci hissəsində koordinatorlar (İdarə Heyətinin üzvləri), MNTK üzvləri açıq səsvermə yolu ilə seçilir, həmçinin Geniş Toplantı tərəfindən təklif varsa, Nizamnamə və Əsasnaməyə ediləcək əlavə və ya dəyişikliklər səsverməyə çıxarılır.
7.5. Dalğa GH-ya bir fərd yalnız ard-arda iki dəfə (iki il) sədrlik edə bilər. Hərəkata iki il sədrlik etmiş şəxs növbəti dəfə namizədliyini verə bilməz. Lakin bir və ya bir neçə seçkidən sonra yenidən namizəd ola bilər. Bu halda həmin fərdin yalnız bir dəfə (bir il) sədr olmaq imkanı vardır.
7.6. QHTK Qurultaya 3 həftə qalmış namizədlərin qeydiyyatına başlayır və Qurultayın keçirilməsinə 30 (otuz) saat qalmış namizədlərin qeydə alınma prosesi başa çatır. Dalğa GH-nın sədrliyinə namizədliyini irəli sürmüş şəxs namizədlərin qeydə alınma prosesi başa çatanədək birinci müavininin kim olacağını açıqlamalıdır.

7.7. Namizədlərin təbliğat və təşviqat prosesi zamanı istifadə etdikləri vasitələrə və fikirlərə QHTK nəzarət edir. Əgər hansısa namizəd Hərəkatın və ya Azərbaycan Respublikasının qanunlarına zidd, həmçinin Hərəkatın prinsiplərinə uyğun olmayan fikirlərdən və ya vasitələrdən istifadə edərsə, QHTK həmin şəxsin namizədliyini ləğv edir. QHTK Qurultayın gedişi zamanı hər hansı bir namizədin platformasında Hərəkatın prinsiplərinə zidd bənd və ya bəndlər aşkarlayarsa, həmin şəxsin namizədliyini ləğv etmək hüququna malikdir.

 

8. Rəsmi təqdimat atributları:

Dalğa GH öz özəlliyini və ideoloji baxışını ehtiva etmək üçün rəsmi atributlara sahibdir. Bu atributlar Geniş Toplantı tərəfindən müəyyən olunur. Hərəkatın rəsmi atributları kimi devizi, emblemi, himni, görüş forması, bayrağı, andı, web səhifəsi və bloqu vardır. Bunlarla yanaşı Geniş Toplantı hərəkat üzvlərinin sinerjisi və maarifləndirilməsi üçün simvolik gün, simvolik rənglər, simvolik canlı, simvolik meyvə, simvolik filmlər, nümunəvi şəxsiyyətlər, simvolik kitablar, simvolik musiqilər və simvolik marşlar müəyyənləşdirə bilər.

8.1. Dalğa GH-nın rəsmi atributları və rəsmi orqanları (deviz, emblem, görüş forması, bayraq, himn, and, rəsmi web səhifə, rəsmi bloq və rəsmi elektron poçtlar (e-mail)):

• Dalğa Gənclər Hərəkatının Devizləri (Azad fərd, Məsuliyyətli vətəndaş, Bütöv xalq şüuru):

Azad fərd:
Cəmiyyətin azadlığı fərdlərin azadlığından keçir. Biz insan mərkəzçilik prinsipindən çıxış edərək hər şeyin insana xidmət etməsinin tərəfdarıyıq. Heç bir qüvvə fərdin azadlığını və xoşbəxtliyini onun yerinə müəyyənləşdirə bilməz. Azad fərd öz taleyini seçmək haqqına sahib olmalıdır. Yalnız insanlığa xidmət üçün qəbul edilmiş qanunlar fərdin azadlığının sərhədləri ola bilər. Azad fərdin düzgün qərar verməsi üçün çoxhəqiqətliliyin və alternativlərin olması vacibdir. Danılmazdır ki, azad seçimə malik fərd şəxsiyyət ola bilər. İnsanın özünüifadə formasını düzgün seçməsi onun bütöv şəxsiyyət kimi formalaşmasından asılıdır. Biz hər bir fərdin şəxsiyyət ola bilmə gücünə inanırıq və bunun üçün azadlığı əsas şərt hesab edirik.

Məsuliyyətli vətəndaş:
Cəmiyyətin inkişafına, dolaysı ilə insanın xoşbəxtliyinə xidmət edən elementləri formalaşdırmaq və artırmaq məsuliyyətli vətəndaşın əsas vəzifəsidir. Biz insanın rahat olma təşəbbüsünə inanırıq. Rahatlığa can atan azad fərd üçün ən böyük dəstək məsuliyyətli vətəndaş tərəfindən edilir. Nəzərə almalıyıq ki, fürsətlərin bərabər olduğu cəmiyyətdə fərasətsizlərin dəstəyə ehtiyacı var. Təbii ki, təbiətin fərasətsiz etdiyi və ya fiziki qüsurlu vətəndaşların dəstəyə olan ehtiyacından bəhs edirik. Belə olan təqdirdə, həm fürsətlər bərabərliyi, həm də hüququn aliliyi prinsipi bütün vətəndaşların xoşbəxtliyinə xidmət etməlidir. Məsuliyyətli vətəndaş nə məzlum, nə də zalim ola bilməz. Məsuliyyətli vətəndaşlar cəmiyyəti inistutlaşdıraraq, dövlət üzərində nəzarətini formalaşdırır.

Bütöv xalq şüuru:
Azad fərd və məsuliyyətli vətəndaşlardan formalaşan cəmiyyət, təbiətin insana bəxş etdiyi haqlar var olduqca xoşbəxtlik ola bilər. Biz insanların doğuşdan qazandığı təməl haqq və azadlıqlarını birlikdə qorumaq sərbəstliyinə inanırıq. Hər hansı bir xarici və ya daxili qüvvə, həmçinin idealogiya insanların təməl haqlarına müdaxilə etdiyi zaman, bütöv xalq şüurunun formalaşıb, öz müqəddaratını həll edə bilər. İnsanlar sərbəst toplaşmaq və birlikdə hərəkət etmək hüquqlarından yalnız müqəddaratlarını dəyişdirmək üçün istifadə etdikdə, bu bütöv xalq şüurunun formalaşdığının nəticəsi sayıla bilər. Hər hansı bir toplum təhlükə ilə üz – üzə qalarsa, həmrəylik göstərərək özünü müdafiə edə bilər. Biz azad fərdlər və məsuliyyətli vətəndaşlar olaraq ümumbəşəri dəyərlər ətrafında bütöv xalq şüurunun formalaşdırılmasının tərəfdarıyıq.

 

• Dalğa Gənclər Hərəkatının Emblemi:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) emblemi iç-içə olan iki açıq bucaqlı üçbucaqdan ibarətdir. Bu Azad fərd və Azad cəmiyyəti bildirir. Bucaqları birləşməyən böyük üçbucaq Azad Cəmiyyət, onun içində olan bucaqları birləşməyən kiçik üçbucaq isə Azad Fərd deməkdir. Emblemin üç rəngdən ibarət olması müxtəlif fikirliliyi, üçbucağı əmələ gətirən standartın olmaması qəlibin inkarı, üçbucağın bərabər tərəfli olması isə fürsət bərabərliyi mənasını verir. Emblemin üçbucaq olması bucaqlarının cəminin 180 dərəcə olmasıdır. Bu qurulacaq cəmiyyətin əvvəlki vəziyyətinə qayıtmamaq şərti ilə, 180 dərəcə dəyişməsi anlamına gəlir.

 

 

• Dalğa Gənclər Hərəkatı uzvlərinin görüş forması:

GÖRÜŞ – Mütləq azadlığa salam olsun!

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) görüş forması sağ və ya sol əlinin arxasını nümayiş etdirməkdir.
Bu alacağım və verəcəyim heçnə yoxdur deməkdir. Bununla biz itaətə və himayəyə yox deyir, insanların özünə inamının tərəfdarıyıq. Biz insanın mütləq varlıq olduğunu, yalnız insanların iradəsi ilə formalaşmış qanunlara tabe olmasını qəbul edirik.

 

• Dalğa Gənclər Hərəkatının Bayrağı:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) bayrağı qırmızı, göy rənglərdən və ağ fonda hərəkatın simvolik meyvəsi üzərində yerləşən loqodan ibarətdir. Bayrağın böyük qismi qırmızı rəngdən, hərəkatın simvolik meyvəsi olan "alma"nın yarpağı isə qırmızı rəngin üzərində göy rəngədən ibarətdir. Qırmızı və göy hərəkatın simvolik rəngləridir. Müvafiq olaraq dönməzlik və sivillik anlamı daşıyır.
Bayrağın ölçüləri 1,5x1 nisbətindədir

 

• Dalğa Gənclər Hərəkatının Himni:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) himninin sözləri publisist, şair Zahir Əzəmətə (Rəhimov) musiqisi isə "Ozan" rock qrupuna (Nurlan Ozan) məxsusdur.
Dalğa GH-nin himni rock musiqi janrında bəstələnib və 2009-ci ilin yanvar ayının 24-də hərəkatın Geniş Toplantısı tərəfindən təsdiqlənib.

Dalğa GH-nin himninin sözləri::

Qəlbimizdə atəş yanır
Etiraz var dilimizdə
Yorğun üzlər gülümsəsin
Sabah bizim əlimizdə

Qoca Şərqə mayak olsun
Bizim gənclər tələbələr
Sevgimizlə silahlanaq
Bizim olsun qələbələr

Elə bu gün, elə indi
Qaranlığı yara-yara
Yıxaq bütün qorxuları
İşıqlanaq DALĞA-DALĞA

Gözəl aydın gələcəyə
Sağlam, azad cəmiyyətə
Ədalətə, həqiqətə
İnsanlığa salam olsun!

Yox deyirik köhnəliyə
Qəliblərə, yasaqlara
Sevgi dolu səhər olaq
Yaxınlara uzaqlara

Yıxaq bütün divarları
Günəş doğsun evimizə
Dənizləri yarıb keçən
DALĞA desin hamı bizə

 

• Dalğa Gənclər Hərəkatının Andı:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) andı 18 iyun 2011-ci ildə Hərəkatın Geniş Toplantısı tərəfindən qəbul edilib və ilk dəfə 24 iyun 2011-ci ildə Azərbaycan Respublikasının eks Prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı önündə cəmiyyətə təqdim edilib. Dalğa GH-nin hər bir üzvü Nizamnamə, Əsasnamə, Bəyannamə, Hərəkatın konsepsiyaları və simvolları ilə yanaşı andın sözləri ilə də tanış olmalıdır.

Dalğa GH-nin Andının sözləri:

Məzlumların haqları uğrunda zalimlərin zülmünə qarşı olacağımıza...

İnsanların xoşbəxtliyi üçün təməl azadlıqların keşikçisi olacağımıza...

İnsanın ən böyük dəyər olması naminə bütləri yıxacağımıza...

Sağlam, ədalətli və aydın gələcək üçün həqiqəti ifadə edəcəyimizə...

Dalğa Gənclər Hərəkatının prinsiplərinə sadiq olacağımıza....

İnsan kimi yaşamaq üçün sadə, dözümlü, sivil, səmimi, demokrat, maarifçi, yaradıcı, cəsarətli və azadlığın dostu olacağımıza...

AND İÇİRİK!

 

• Dalğa Gənclər Hərəkatının rəsmi web-səhifəsı və bloqu:

Dalğa Gənclər Hərəkatının (Dalğa GH) adından yaradılan bloqlar, saytlar, elektron poçtlar və digər yayım resurları hərəkatın rəsmi bloqu, rəsmi saytı və ya rəsmi elektoron poçtu tərəfindən təsdiqlənmədən etibarlı hesab edilə bilməz.
Əgər hər hansı bir texniki problem nəticəsində Hərəkatın rəsmi bloq, rəsmi sayt və ya rəsmi elektron poçt ünvanın fəaliyyətində qüsurlar üzə çıxarsa, İdarə Heyəti və ya sədr cəmiyyətə dərhal açıqlama verməlidir.

Dalğa GH-nın rəsmi səhifəsi (web-site): www.dgh.az

Dalğa GH-nın rəsmi bloqu (weblog): www.dalga-gh.blogspot.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail): dalga_telebe@yahoo.com

Dalğa GH-nın rəsmi elektron poçtu (e-mail): dalga.ym@yahoo.com

 

9. Dalğa GH müttəfiqlərini seçməkdə, koalisiyalara qoşulmaqda, fəxri üzv seçməkdə və fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdə tam azaddır. Hərəkat sülhün və inteqrasiyasının tərəfdarı olduğu üçün beynəlxalq və digər ölkələrdə yerləşən qurumlarla tərəfdaşlıq edə bilər. Dalğa GH öz konspesiyalarını, təkliflərini, ideyalarını və iş mexanizmini hazırlayarkən dünya təcrübəsindən istifadə edə bilər.

10. Dalğa GH öz iş prinsipini demokratik dəyərlər və hüququn aliliyi prinsipi əsasında qurduğu üçün, Hərəkatın aidiyyatı orqanlarının rəhbərləri üzvlərin inamına güvənərək ani qərarların verilməsinin vacib olduğu hallarda müstəqil qərar vermək hüququna malikdirlər. Bu qərarı verən məsul şəxs çıxardığı qərarı əsaslandırmağa və Hərəkatın maraqlarını güddüyünü sübut etməyə borcludur.