“DALĞA” BAKINI YENƏ DÖYƏCLƏDİ
Gənclər təşkilatı qurultay keçirdi, özünə yeni sədr seçdi

“Dalğa” Gənclər Hərəkatı fevralın 12-ci günündə özünün V qurultayını keçirdi. Yaranmasının 6-cı ilinin tamam olduğu günə təsadüf edən qurultaydapartiya liderləri, tanınmış ictimai-siyasi xadimlər və jurnalistlər də iştirak edirdi. Tədbir “Dalğa”nın himninin ifası ilə açıldı. Qurultaya hazırlıq üzrətəşkilat komitəsinin sədri Rövşən Nəcəfov iştirakçıları salamlayandan sonra sözü Müsavat Partiyasının başqanı İsa Qəmbərə verdi. Müsavat başqanı qurultay münasibətilə gəncləri təbrik etdi: “Azadlıq o qədər böyük nemətdir ki, xalqa da, təşkilata da, insana da imkan verir ki, hərəkət eləsin. Hədəflərə, ideallara doğru getsin. İnanıram ki, “Dalğa” da, gənclərimiz də, siyasi qüvvələrimiz, ictimai təşkilatlarımız, vətəndaş cəmiyyətimiz də,bütövlükdə xalqımız da azadlıq uğrunda mübarizədə və inşallah, azadlıq uğrunda mübarizə qələbə ilə yekunlaşandansonra onun reallaşmasında uğurlar qazanacaq. Buna inanıram, “Dalğa”çılar da bu prosesin önündə olacaq”.

Sonra AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı danışdı. Geniş və emosional çıxış edən natiq maraqlı mesajlar verdi. “Qarşımızda böyük bir yol var”, deyən Ə. Qurbanlı  hesab edir ki, son seçkilərdən sonra Azərbaycanda yeni şərait yaranıb. Və “bu şərait bizim xeyrimizədir”.

“Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu da gəncləri təbrik etdi: ““Dalğa” Azərbaycanın həyatının ən kritik, ən mühüm, həm də bir siyasi qüvvələrin bir növ pauza götürdüyü bir məqamda yarandı. Bəzən medianın, bəzən siyasətçilərin, bəzən liderlərin, bəzən də hər kəsin geri çəkildiyi yerdə biz “Dalğa”çıları gördük. Əslində hamımızın sizə təşəkkür borcumuz var. Sizə təşəkkür edirik ki, ən ağır zamanlarımızda medianın, əzilənlərin yanında olmusunuz. Mətbuatla bağlı nə zaman problem olubsa, gəncliyi, “Dalğa”nı orada görmüşük. Elə son olaraq bizim bu “ayı məhkəməsində” də həm “Azadlıq”, həm də “Yeni Müsavat” qəzetinə dəstək vermisiniz. Sizə cəmiyyətdə, demokratik düşərgədə böyük ehtiyac var... Biz gəncliyimizi XX əsrin sonlarında yaşamışıq. Müəyyən bir şeylər etməyə nail olmuşuq. Burada İsa bəy, Pənah bəy əyləşib. Onlar da XX əsrin sonlarının gəncliyini təmsil edirdi. Bu gənclik, o nəsil sizə müstəqil Azərbaycanı əmanət elədi, bayrağı dikəltdi, milli hakimiyyət qurub verdi. Azərbaycanın 80 faizini rus və erməni işğalçılarından qoruya bildi. Amma missiya davam etməlidir. Çünki Azərbaycan üçün problemlər yenə də var. Ona görə gəncliyə, sizlərə böyük ehtiyac var. Sizə uğurlar arzulayırıq. Bir-birimizə dəstək, çiyin verə-verə inşallah, ölkəmizi, millətimizi uğurlu, gözəl bir məqama çatdıracağıq”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də “Dalğa”çıları təbrik etdi: ““Dalğa” öz mövcudluğu ilə Azərbaycanın gənclər təşkilatları sektorunda elə bir şərait yaradıb ki, o sektoru daha bu təşkilatsız təsəvvür etmək mümkün deyil. Hər halda, çox sanballı bir möhür vurub. Bütün gənclər bir olaraq mübarizə aparacaq və qələbə qazanacaqsınız”. Qənimət Zahid ətraflı çıxışında iqtidarın əleyhinə kəskin ifadələr işlətdi və bütün gəncliyi bu rejimə qarşı mübarizəyə səslədi.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Xalq Partiyasının qurucusu Pənah Hüseyn, Güney Azərbaycan Milli Oyanış Hərəkatı Bakı bürosunun sədri Ağrı Qaradağlı, YAP-çı gənc və digər qonaqlar “Dalğa”çıları V qurultayları və yaranmalarının 6 illiyi münasibətilə təbrik etdilər. Sabiq baş nazir Pənah Hüseynin çıxışı gənclər tərəfindən xüsusi coşqu və alqışlarla qarşılandı. Sonra “Dalğa”nın ilk sədri olmuş Ramin Hacılı təşkilatın yaranması haqda məlumat verdi. Ardınca “Dalğa” sədrliyinə namizədlər Orxan Nəbiyev, Araz Önərin nümayəndəsi Azər Aydın, İlkin Əlisoy, Hafiz Poladzadə platformaları və görəcəyi işlər haqda məlumat verdilər. Sonra səsvermə başladı. Prosesdə 84 gənc iştirak etdi. Emin Rəsulzadə “Dalğa” Demokratiya Məktəbinin direktoru, Orxan Nəbiyev isə hərəkatın sədri seçildi. Sonda tədbirə bir az gec qatılan DEVAMM sədri Hacı İlqar İbrahimoğlu gəncləri təbrik etdi. Gənclərin bayramı isə axşam saat 23:30-a kimi ziyafətlə davam etdi.

Elmin BƏDƏLOV <YENİ MÜSAVAT>