BƏYANNAMƏ


Biz Azadlığın dostları olaraq məramı azad fərd və azad cəmiyyət olan Dalğa Gənclər Hərəkatını başlatmışıq. Arzu edirik ki, hər kəs Azadlığa qovuşmağa dəstək verib, məqsədi azad fərd, məsuliyyətli vətəndaş və bütöv xalq şüuru olan, könüllülük, aşkarlıq və üzvlərin hüquq bərabərliyi əsasında yaradılan bu Dalğaya qoşulsun.
Biz bütün insanların xoşbəxtliyə canatma hüququnun olduğuna inanırıq. Buna görə də insana təbiətin bəxş etdiyi bütün nemətlərdən bərabər səviyyədə istifadə etməyə imkan yaradılmasını vacib hesab edirik. Insanın özünü hansı halda xoşbəxt hiss etdiyini onun özündən yaxşı heç kəs bilmədiyi üçün, biz insanların ümumi xoşbəxtlik meyarının məhz azadlıq olduğunu düşünürük. Azadlığın təmin olunması üçünsə bu meyarları əsas götürürük:
1. Demokratiyanın fundamental dəyərlərini özündə ehtiva edən vətəndaş cəmiyyəti qurulmalı, plüralizmə hörmətlə yanaşılmalıdır;
2. Vətəndaş cəmiyyətinin azadlıq üçün əsas təminat olduğunu nəzərə alaraq onun həqiqi mövcudluğu üçün azad fərd, məsuliyyətli vətəndaş, bütöv xalq şüuru formalaşmalıdır;
3. Hər kəsin azad seçim və alternativ fikri ifadə etmək hüquqları tanınmalıdır. Çünki, insan həm öz həyatı, həm də cəmiyyətin həyatı üçün həlledici seçim məsuliyyətini öz üzərində hiss etməlidir;
4. İnsanların zorakılıq və ədalətsizliyə qarşı çıxmaq hüququ təmin olunmalıdır. Əgər bu hüquqlar təmin olunmasa, fərdlərin və toplumun insan cəmiyyətləri üçün normal sayılan yaşam kriteriləri bərqərar olmayacaq, məsuliyyətli vətəndaş və bütöv xalq şüuru formalaşmayacaq. Bu isə sonda totalitar cəmiyyətə gətirib çıxaracaq;
5. Məsuliyyətli vətəndaş və azad fərd üçün xüsusi əhəmiyyətə malik olan söz və özünü ifadə azadlığının, birləşmək və sərbəst toplaşmaq azadlığının daha böyük təminatlara ehtiyacı olduğunu hesab edirik;
6. Hər cür ayrıseçkiliyi qətiyyətlə rədd edirik;
7. Azadlığa qarşı olan və ya onu məhdudlaşdıran dəyərlərə yenidən baxmağın vacib olduğuna inanırıq;
8. Riyakarlığı, qəddarlığı, insan azadlığına və ləyaqətinə etinasızlığı ləyaqətli insana xas olmayan keyfiyyətlər hesab edirik;
9. Prinsiplərdə ardıcıllığı yüksək keyfiyyət sayırıq.
Biz hesab edirik ki, ümumi və fərdi mənafenin uyğunlaşdırılması cəmiyyətin və fərdin inkişafının əsas təminatıdır. Hər birimizin azadlığının və rifahının təminatı cəmiyyətimizin və dövlətimizin inkişafından keçir. Cəmiyyətin və dövlətin güclənməsində təhsilin və elmin rolunu nəzərə alaraq biz fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi təhsildəki problemlərin aradan qaldırılmasına yardımı vəzifəmiz olaraq qarşıya qoyuruq.
İnanırıq ki, azad fərd ancaq açıq cəmiyyətdə mövcud olur. Cəmiyyətdəki problemlərə, ədalətsizliyə biganə olan şəxs isə heç vaxt həqiqi mənada azad ola bilməz. Odur ki, azad fərd və məsuliyyətli vətəndaş anlayışları ayrılmazdır. Fərd cəmiyyətdə öz vəzifəsini dərk edib, onlara biganə qalmadıqda məsuliyyətli vətəndaşa çevrilir.
İnsan bəzi azadlıq və hüquqlarını birləşmədən, ortaya birgə mövqe qoymadan müdafiə edə bilməz. Ümummilli səviyyədə bu birlik xalqı yaradır. Biz xalqa və vətənə səmimi və xeyirli sevginin adət-ənənədən, heyvanlara xas olan əraziyə instiktiv bağlılıqdan yox, şüurla dərk edilərək yarandığını hesab edirik. Bu birlik bizim hər birimizin azadlığının və rifahının qarantı olduğu üçün biz ona hörmət etməliyik. Xalqın rifahı, ölkənin inkişafı hamımızın azadlığının və rifahının təminatıdır. Bütöv xalq şüuru olmayan insanlar güclü xalq yarada bilməzlər. Bütöv xalq şüuru olan toplum, ədalətsizliyə göz yummayan toplumdur. Vətən və xalq adından insanın haqqı tapdanarsa, bu riyakarlıqdır. Çünki, xalq insanların toplumudur və bir insanın hüququnun pozulması, xalqın hüququnun pozulması deməkdir.
Biz üstünlük verdiyimiz bu dəyərlərə inanırıq və inanclarımız uğrunda birləşirik. Biz qəti əminik ki, cəsarət insan keyfiyyətlərinin ən əsasıdır. Çünki, o digər keyfiyyətlərin qarantıdır.
Öz həyatımızı özümüz idarə etməyi və problemlərimizi özümüz həll etməyi öyrənmədikcə hər zaman kimlərdənsə asılı olacağıq. Yalnız təhsilli insan problemlərini həll etmək iqtidarında olduğu üçün azadlığı elmlə vəhdətdə hesab edirik.